Vardan Oskanyan: Ermənistanda vəziyyət çox ağır və acınacaqlıdır
|
“Ermənistanda vəziyyət çox ağır və acınacaqlıdır”. AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, bunu Ermənistanın keçmiş xarici işlər naziri, hazırda “Sivilitas” fonduna rəhbərlik edən Vardan Oskanyan “Azatutyun” (Azadlıq) radiosunda təşkil edilmiş dəyirmi masada daxili siyasətlə bağlı sualları cavablandırarkən deyib. Onun sözlərinə görə, bunu hakimiyyət dairələri də yaxşı bilir və düşünür ki, problemlərdən əsas çıxış yolu Türkiyə ilə münasibətləri normallaşdırmaq vasitəsilə Dağlıq Qarabağ problemini həll etməkdir: “Lakin belə deyil. Ermənistanın dərdlərinin dərmanı ölkənin daxilindədir və prezident Serj Sarkisyanın ətrafındakılar hakimiyyətdən kənarlaşdırılıb idarəetmə mexanizmləri normal, demokratik strukturlara həvalə edilməyincə, heç nə düzələn deyil”.
Ermənistanın çox ağır böhranda olduğunu söyləyən Oskanyan yaranmış vəziyyətdə iqtidarı ittiham edir: “Bunun səbəbi ölkənin pis idarə edilməsi, səhv və anlaşılmayan daxili və xarici siyasətin yürüdülməsi, lazımı islahatların aparılmaması, siyasət və iqtisadiyyatın inhisarlar və maqnatlar tərəfindən idarə olunmasıdır. Bu zəmində bu fikir öz təsdiqini tapır ki, Yerevanın mövqelərini zəiflədən də elə özüdür. İçdən çürümüş ölkənin danışıqlarda güclü mövqe tutacağı və ya istədiyinə çatması mümkün deyil. Serj Sarkisyan iqtidarı bunu gözəl başa düşür və elə həmin səbəbdən də nizə üzərindəki hakimiyyətini qorumaq üçün kənardan yardım axtarır. İndi düşünməliyik: ölkəni ağır vəziyyətdən çıxarmaq üçün Dağlıq Qarabağ probleminin mümkün qədər tez həllini istəyirik, yoxsa həqiqətən də uzunmüddətli sülhə can atırıq? Bu suala hələlik cavab görmürəm”.
Dəyirmi masada ürəyini boşaldan eks XİN başçısı hazırki və əvvəlki hakimiyyəti “yaş yuyub, quru sərib”. Oskanyan həmçinin Yerevandakı vəziyyəti ağırlaşdıran digər nüanslara toxunub. O, qeyd edib ki, Sarkisyanın “kruqu” əhalinin söz və hərəkət azadlığına təminatını kobud şəkildə pozur.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒