Smartfonların satışı adi mobil telefonların satışını üstələdi
|
AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, 2013-cü ilin ikinci rübündə dünyada mobil telefonların son istifadəçilərə satışı 435 milyon ədəd təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 3,5 faiz üstələyir. Satılan smartfonların sayı 225 milyon ədəd olub və il ərzində bu seqment üzrə göstərici 46,5 faiz artıb. Adi mobil telefonların satış həcmi 21 faiz – 210 milyon ədədədək azalıb. Bu barədə “Gartner” tədqiqat agentliyinin hesabatında deyilir. Beləliklə, smartfonların mobil bazarda payı 51,8 faiz olub. Smartonlar satış həcminə görə ilk dəfə olaraq əməliyyat sistemləri ilə təchiz edilməyən mobil telefonları qabaqlayıb, – deyə “Gartner”in analitiki Anşul Qupta qeyd edib. DailyComm.ru xəbər verir ki, daha yüksək müsbət dinamika Asiya-Sakit okean, Cənubi Amerika və Şərqi Avropa regionunda qeydə alınıb. Burada smartfonların satış həcmi müvafiq olaraq 74,1, 55,7 və 31,6 faizə yüksəlib. Ümumilikdə isə bütün regionlarda smartfonlar seqmenti artım nümayiş etdirib.
“Samsung Electronics” şirkəti hələ də aparıcı smartfon istehsalçıları siyahısına başçılıq edir. İkinci rübdə Cənubi Koreya şirkətinin payı bir il əvvəlki 29,7 faizə nisbətdə 31,7 faiz təşkil edib.
Belə ki, “Samsung” brendi ilə 71,4 milyon qurğu satılıb ki, bu da bir il əvvəlin göstəricisindən 25,8 milyon ədəd çoxdur.
“iPhone” modelinin rüblük satışları 29 milyon ədəddən 32 milyon ədədədək artıb. Buna baxmayaraq, “Apple” şirkətinin dünya smartfonlar bazarında payı isə 18,8 faizdən 14,2 faizədək aşağı düşüb.
Smartfonların satışı üzrə liderlər üçlüyünü “LG Electronics” şirkəti tamamlayır. Bu şirkət ötən rübü 11,5 milyon satılmış smartfonla və 5,1 faizlik payla başa vurub. 2012-ci ilin ikinci rübündə bu göstəricilər müvafiq olaraq 5,8 milyona və 3,8 faizə bərabər olub.
“LG”-dən sonra Çinin “Lenovo” və “ZTE” şirkətləri qərarlaşıb. Bu şirkətlər birlikdə 20 milyondan çox smartfon satıb və onların payı müvafiq olaraq 4,7 və 4,3 faiz təşkil edir.
Analitiklər ən populyar əməliyyat sistemləri reytinqində yer alan sistemlərə diqqət yetirməyi lazım bilirlər. Burada yerdəyişmə baş verib, belə ki, “BlackBerry” üçüncü yeri “Windows Phone” platformasına vermək məcburiyyətində qalıb. Ötən rübdə “Microsoft” korporasiyasına məxsus mobil sistem 7,4 milyon satılmış smartfonda istifadə olunub, halbuki “BlackBerry”nin satışları az qala 6,1 milyon ədədi ötəcəkdi.
178 milyon smartfonla birincilik “Andoid” əməliyyat sisteminə məxsusdur. Bu platformanın payı ötənilki 64,2 faizdən hazırkı 79 faizədək artıb. Ondan sonra qərarlaşan “iOS” bazarda 14,2 faizlik paya sahib çıxıb.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒