Qarabağ Azadlıq Təşkilatı Əkrəm Əylisli barədə sərt bəyanat yaydı
|
AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, Qarabağ Azadlıq Təşkilatı yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Əkrəm Əylislinin “Daş yuxular” romanını Azərbaycan xalqına qarşı təxribat, ötən əsrin əvvəllərindən bu günə qədər ermənilər tərəfindən qətlə yetirilmiş on minlərlə şəhidimizin ruhlarına təhqir kimi dəyərləndiririk. Erməni mərkəzlərinin sifarişi ilə qələmə alınmış bu cızma–qara erməni təbliğat maşınına xidmət edir. Ermənilər “erməni soyqırımı” dedikləri saxta tarixin 100 illiyinə hazırlıq işlərinə artıq start veriblər və Əkrəm Əylisi kimi “xadimləri” işə salıblar. Bu başlanğıcdır və yaxın vaxtlarda Türkiyə və Azərbaycanda digər “marallar”ın da ortaya çıxacağına şübhə yoxdur. Əkrəm Əylisli yazdığı “Daş yuxular”da azərbaycanlıları və türkləri guya günahsız erməniləri qırmaqda, vəhşiliklər törətməkdə, erməniləri öz yerlərindən qovub çıxartmaqda ittiham edir, ermənilərin törətdikləri cinayətləri azərbaycanlıların adına yazır, həmçinin, İslam dininə, Məhəmməd Peyğəmbərə qarşı əssasız ittihamlar səsləndirir, faktiki olaraq, təsvir etdiyi hadisələrdə islam dinini günahlandırır və sonda bu mövqeyini əsərin qəhrəmanının islamdan qaçaraq xristianlığa sığınması ilə nümayiş etdirir.
Əkrəm Əylislinin bu cızma-qarası Frans Verfelin “Musa dağında 40 gün”, Zori Balayanın “Ocaq”, Antoniya Arslanın “Torağay malikanəsi” adlı cızma-qaraları ilə bir sırada dayana bilər. Onları da bədii əsər hesab edirlər, amma ermənilər onları tarixi faktlar kimi təqdim edir, onların əsasında filimlər çəkir və beynəlxalq rəydə yalnış fikirlərin formalaşdırılması üçün istifadə edirlər. Əkrəm Əylisli erməni nökəri kimi öz funksiyasını yerinə yetirib və özünə heç nə ilə bəraət qazandıra bilməz. Xaricdən, o cümlədən erməni mənbələrindən bəhrələnən, xarici ağalarının qarşısında quyruq bulayan bəzi psevdoliberalların ortaya düşmənlərinə, Əkrəm Əylislini müdafiə etmələrinə də ehtiyac yoxdur. Bəzi kütləvi informasiya vasitələrinin onu müdafiə etmək cəhdləri, efir vaxtı ayırmaları da yanlışlıqdır. Biz Əkrəm Əylisli kimi erməni nökərlərinin müdafiə olunmasını başa düşmür və düşmək də istəmirik.
Əkrəm Əylisli öz yolunu seçib. O, sovet dövründə xalqımızın milli və dini hisslərini təhqir etməklə məşğul olub, 2001-ci ildə “3-5 faiz daşlı-kəsəkli torpaqdı, verin ermənilərə, məsələ bitsin” deyərək Dağlıq Qarabağı Ermənistana verməyi təklif edib, indi isə daha əcayib bir “əsər”lə ortaya çıxıb. Bu adama bəraət yoxdur”.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒