MDB ölkələrinin bankirləri Bakıda toplaşacaqlar
|
Noyabrın 15-16-da Azərbaycanda MDB ölkələrinin VI Bakı Beynəlxalq Bank Konfransı keçiriləcək. AgahMedia.Com portalının “İnterfax Azərbaycan” agentliyinə istinadən məlumatına görə, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) məlumatında bildirilib. Tədbirin təşkilatçısı MDB Maliyyə-Bank Şurasıdır (MBŞ). Konfransın keçirilməsinə ABB və MDB İcraiyyə Komitəsi dəstək göstərir.
Konfrans “MDB-nin maliyyə bazarları – Birlik məkanında iqtisadi inteqrasiyanın əsasları” mövzusuna həsr olunub. Konfransın proqramında dünya maliyyə sisteminin qloballaşması şəraitində MDB-yə üzv dövlətlərin bank sistemlərinin fəaliyyəti, pərakəndə bank xidmətləri bazarının inkişaf xüsusiyyətləri, MDB məkanında regional, o cümlədən Xəzəryanı iqtisadi proqramların perspektivləri və digər aktual mövzuların müzakirəsi nəzərdə tutulur.
Plenar iclaslarda aşağıdakı problemlərin müzakirəsi planlaşdırılır: MDB ölkələrinin iqtisadi artımının ləngiməsi şəraitində maliyyə institutlarının inkişaf ehtiyatları; Birlik ölkələrinin maliyyə sektorunun investisiya cəlbediciliyinin artması amilləri; maliyyə institutlarının effektivliyinin artmasında insan kapitalının rolu və s.
Konfransda Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, Ukrayna Milli Bankının sədri İqor Sorkin, “Bank VTB”nin prezidenti, MDB Maliyyə-Bank Şurasının rəhbəri Andrey Kostin, ABB İdarə Heyətinin sədri, MDB Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti Cahangir Hacıyev, Mərkəzi və Şərqi Avropa ölkələrinin Bank Assosiasiyasının baş katibi İştvan Lendyel, Rusiya Regional Banklar Assosiasiyasının prezidenti, RF Federal Məclisi Dövlət Dumasının deputatı Anatoli Aksakov və başqaları iştirak edəcəklər.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒