2012-ci il mayın 1-dən Azərbaycanda xarici teleserialların yayımı qadağan ediləcək
|
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə,Milli Televiziya və Radio Yayımı Şurasının son toplantısında 2012-ci il mayın 1-dən etibarən ölkə ərazisində xarici teleserialların yayımını qadağan edən qərar qəbul olunub. Millli Televiziya və Radio Şurası gələn il mayın 1-dən yerli telekanallarda xarici teleserialların yayımına qadağa qoyan qərar da qəbul edib. Qərar milli-mənəvi dəyərlərin qorunması, milli şüurun formalaşması, millli filmlərin, serialların çəkilişinin stimullaşdırılması məqsədilə verilib. Millli Televiziya və Radio Yayımı Şurasının sədri Nuşirəvan Məhərrəmli 5 ildən sonra Azərbaycanda milli teleserialların və filmlərin çəkilişində çox böyük uğurlar əldə olunacağına əmin olduğunu bidirib: “Hesab edirəm ki, hər hansı Latın Amerikası serialındansa, Azərbaycanın zəif çəkilmiş serialı daha üstündür. Biz çalışırıq ki, çəkiləcək seriallar daha keyfiyyətli olsun, əhalinin marağını təmin etsin”.
Milli Televiziya və Radio Yayımları Şurasının digər qərarıyla 2012-ci il rəqəmsal televiziya yayımına keçid ili elan edilib. Nuşirəvan Məhərrəmli bildirib ki, Şura bununla bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirib və artıq ölkə ərazisində rəqəmsal yayıma keçid üçün qərar verilə bilər. Ölkəmizin MDB-də rəqəmsal teleyayıma ilk keçəcək ölkə olduğunu deyən Şura sədri bu rejimin tezliklərin istifadəsi zamanı xeyli imkanlar açacağını deyib. Onun sözlərinə görə, rəqəmsal yayıma keçdikdən sonra bir televiziya kanalında 12 kanal yayımlana biləcək, keyfiyyətlə bağlı təsvirdə böyük yeniliklər olacaq, həmçinin ölkə ərazisində televiziya kanallarının yayımında qeyri-bərabərlik aradan qalxacaq. Rəqəmsal yayıma keçiddən sonra televiziya şirkətlərinin analoq yayım avadanlıqlarının digər məqsədlər üçün istifadəsi ilə bağlı birgə komissiyanın yaradılacağını qeyd edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli mövcud analoq vericilərin qiymətləndirilməsinin həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, həmin avadanlıqlar nazirlik tərəfindən istifadə olunacaq və barter qaydasında televiziyaların rəqəmsal yayımla bağlı xərcləri müəyyən müddətə ödəniləcək. Nuşirəvan Məhərrəmli iş adamlarına müraciət edərək onları ölkəyə rəqəmsal yayımı dəstəkləyən televizorlar gətirməyə çağırıb. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə gələn ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının da rəqəmsal yayımla tam əhatə olunacağını deyib. O, telekanallar arasında ilk olaraq İctimai Televiziyanın ölkədə HD yayımı həyata keçirəcəyini deyib:
“2012-ci ilin ilk rübündə Bakı şəhərində HD TV yayımı həyata keçirməyi düşünürük. Eləcə də HD radionun 2012-ci ilin ilk rübündə yayımı nəzərdə tutulur. Yəqin ki, İctimai Televiziya HD yayıma keçəcək. Bu da “Eurovision”la bağlıdır.”
Nazir müavini onu da əlavə etdi ki, təmsil etdiyi nazirlik müvafiq qurumlara müraciət edərək analoq televizorların gətirilməsinə qadağa qoyulmasını istəyib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒