Sosial şəbəkələrin xeyri və fəsadları …
|
“Mən sosial şəbəkələrdən heç cür qopa bilmirəm. Hər gün özümə söz verirəm ki, bu gün sondur. Lakin bu, bir növ məndə vərdiş halını alıb. Günümün 18 saatını internetdə keçirirəm…” AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, 18 yaşlı tələbə Ruzi Əhmədov internetin fəsadlarını bilsə də, artıq vərdiş halına çevrilmiş bu hobbisini tərgidə bilmir: “Hər gün saatlarla “Facebook”da və “Twitter”də otururam. Hələ digər saytları demirəm”.
Ruzinin sözlərinə görə, vaxtını sosial şəbəkələrdə keçirdiyindən, artıq dərslərilə, demək olar ki, məşğul olmur. Son bir neçə il ərzində ətrafımda Ruzi kimi sosial şəbəkələri özləri üçün bir növ vərdişə çevirən insanların sayı inanılmaz qədər çoxalıb. Qəribəsi də budur ki, belə gənclər buna “zamanın tələbi” deyərək, özlərinə haqq qazandırırlar.
Qeyd edək ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq hər gün artır. Məşhur “Twitter”, “Facebook”, “Mail.ru” və s. uşaqların vərdişinə, valideyinlərinsə narazılıqlarına səbəb olub.
Bunu da qeyd edək ki, “www.socialbakers.com” saytının məlumatına görə, hazırda “Facebook”da Azərbaycandan 518 800 istifadəçi qeydiyyatdan keçib. Və bu say, sürətlə artır.
7-8 il əvvəl yaradılmış şirkətin maliyyəsinə nəzər salsaq: 50 milyard dollar. “Facebook”-un gördüyü yeganə iş isə sadəcə, insanlar arasında şəbəkə qurmaqdır.
Bəziləri üçün sosial şəbəkənin gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisi anlamına gəlməsinə baxmayaraq, yenə də sosial şəbəkələrin istifadəçiləri hər gün artmaqdadır.
Bəs görəsən, hər gün istifadə etdiyimiz bu sosial şəbəkələrin necə yarandığını bilirikmi?
Alimlərin dediklərinə və “Wikipedia”nın yazdığına görə, ilk sosial şəbəkə “Usernet” olub.
“Usernet” 1979-ci ildə yaradılsa da, populyarlıq qazana bilməyib.
AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə,müasir sosial şəbəkə dedikdə isə çoxları üçün söhbət yalnız “Facebook” və “Twitter”dən gedə bilər. Əslində isə belə deyil. Bütün bloqlar, forumlar, çat saytları və bu kimi internet vasitələri də sosial şəbəkə sayılır. İlk müasir sosial media 1997-ci ildə yaradılan “Six Degrees” olub.
Daha sonra “Asian Avenue”, “MiGente”, “BlackPlanet” yaradılır. 2004-cü ildə “Facebook” yaradılanadək belə şəbəkələr arasında ən məşhurlardan biri “LiveJournal” idi. 2003-cü ildə fərqli məqsədlərlə yaradılan “Hi5” və “LinkedIn” də sosial media bazarında özünəməxsus yer tuturlar. Ancaq ilk olaraq yalnız Harvard Universitetinin istifadəçiləri üçün yaradılan “Facebook” qısa müddət ərzində bütün şəbəkələrin reytinqini üstələyə bilib.
Hazırda 600 milyona yaxın üzvü olan Facebook-un 6 il ərzində əldə etdiyi gəlir 50 milyard dollar göstərilir. Dünyada azad fikrin ifadəsində müstəsna rolu olan “Facebook” Moldovada hökumətin devrilməsində və 2008-ci ildə İranda prezident seçkilərindən sonra baş qaldırmış kütləvi xalq narazılıqları zamanı məlumatlandırıcı və paylayıcı rolu ilə öyünür.
AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə,”Amerikanın səsi” radiocunun Yaxın Şərq və Orta Asiya şöbəsinin veb-redaktoru və sosial medialar üzrə eksperti Hakkı Öcal deyir ki, sosial şəbəkələrin, xüsusilə də “Facebook”un perspektivi artan xətt üzrə davam edir: “7-8 il əvvəl yaradılmış şirkətin maliyyəsinə nəzər salın: 50 milyard dollar. Bu şirkət təyyarə, avtomobil istehsal etmir, hər hansı bir dərman şirkəti deyil. “Facebook”un gördüyü yeganə iş, insanlar arasında şəbəkə qurmaqdır. Bundan dünyada milyonlarla insan istifadə edir. Azərbaycanda da istifadəçilərin sayı sürətlə artır. Bildiyiniz kimi, Türkiyə “Facebook”da ən çox istifadəçisi olan 4-cü ölkədir. Mən bu göstəricilərin gündən-günə artacağını ehtimal edirəm”.
2006-cı ildə yaradılan “Twitter” sosial şəbəkəsi də qısa müddət ərzində dünyanın bir çox güşələrində populyarlıq qazana bildi. “Twitter” şəbəkəsi istifadə sadəliyi ilə digər rəqiblərindən fərqlənir.
Bakı Dövlət Universitetinin tələbəsi Elmira Əliyeva gündəlik həyatını ümumiyyətlə sosial şəbəkələrsiz təsəvvür edə bilmir: “Mən lazım olan bütün ədəbiyyatı bu şəbəkələr vasitəsilə tapıram. İndi bir çoxuna məlumdur ki, gənclər kitabxanalara getməkdənsə, internet vasitəsilə kitabları tapırlar. Bundan da əlavə, mən şəxsən bu cür şəbəkələr vasitəsilə uzaqda yaşayan yaxın dostlarım ilə əlaqə saxlayıram”.
AMEA-nın İnformasiya və Texnika Universitetinin direktoru Rasim Əliquliyev isə sosial şəbəkələrin xeyri olduğu kimi, mənfi tərəflərini də qeyd etdi:
“Sosial şəbəkələr – çox əhəmiyyətli bir məsələdir. Çünki insanlar hər an kommunikasiyada olmurlar, məsələn, kənddə ya şəhərdə olan insanlar üçün daim bir araya gəlmək çətin olardı. Çətinlik bundan ibarət idi ki, bu sosial şəbəkələr inkişaf etməmişdi. İnsanlar telefonla danışa bilərdilər. Amma bu gün şəbəkə sisteminin inkişafı o həddə gəlib çatıb ki, artıq insanlara nəinki elektron poçt vasitələrindən istifadə etməyə, eyni zamanda yeni olaraq təzə ünsiyyət sistemi təqdim olub. Bu da 2003-cü ildə fəaliyyətə başlayan “Facebook”dur, sonra “Twitter”dir. Sosial şəbəkələr bəşəriyyət tarixində olan ən önəmli yeniliklərdən biridir.
Çünki insanlar məkandan asılı olmayaraq, bir araya toplaşıb, fikirlərini bölüşə bilirlər. Fikir mübarizəsi aparırlar.
Mənfi tərəfi isə – artıq orta statistika ilə, bugünün uşaqlarının, haradasa, 20-30 il qabaqkı uşaqlar ilə müqayisədə 3 saat gec yatması, bunun da nəticəsində gənclərdə əsəb sisteminin pozulmasıdır. Bununla da qida sisteminin pozulması ortaya çıxır. Bütün bunlar orqanizmdə dəyişiklik yaradaraq, müəyyən bir mutasiya prosesinə gətirə və təhlükə yarada bilər. İnsan artıq virtual məkanın sakininə çevrilir, reallığı itirir. Ailə ilə təmasda olmur. Artıq onun öz dünyası yaranır. Sosial biliklər vasitəsilə gənclərimiz lazımsız informasiyalara sahib olurlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır. Uşaqların tərbiyəsi pozulur. Sosial şəbəkələr biliyə sahib olmaq üçün, dünyaya çıxış üçün yaxşı vasitədir, lakin eyni zamanda Azərbaycana azad internetin gəlməyi pis məlumatlar gətirir. Milli-mənəvi dəyərlərə çox böyük zərbə yetirir”.
Elədirsə, bəs görəsən, bu mənfi informasiyaların qarşısını almaq düzgün olmazdımı? Gənclərin mənfi biliklərə yiyələnməməsi üçün ciddi iş görülmürmü?
Rasim Əliquliyev pis məlumatlara yiyələnməyin qarşısını almağın hələ ki, mümkün olmadığını dedi: “Hər hansı bir informasiyanın qabağını almaq, artıq internetin demokratik qaydalarına ziddir. İnternet azaddır. Sərbəst şəbəkədir. Bunlar demokratik dəyərlərdir. Amma hər hansı informasiyanın məhdudlaşdırılmasının özü antidemokratiyadır. Ona görə də demokratiya prinsipinə malik ölkələr bunun qabağını almaqa çalışmırlar. Beynəlxalq hüquqda sosial şəbəkələrə qarşı qanun yoxdur”.
Bu gün sosial şəbəkələr dünyaya meydan oxuyur. İş axtarışı, tanışlıqlar, hətta sosial şəbəkələr vasitəsi ilə evlənmək halları artır.
Psixoloq Dəyanət Rizayev bu cür münasibətlərin sağlam olmadığını deyir: “Sosial şəbəkələr vasitəsilə insanlar tanış olurlar. Burada təhlükə ondan ibarətdir ki, şəbəkədə bir-birilərini sevdiyini zənn edib, sonra isə reallıqda heç nə alınmayacağını anlayırlar. Müəyyən dramatik situasiyalar yaşayırlar. Bu isə bir çox psixoloji fəsadlara yol açır. İnternet vasitəsilə təmasda olan insan ilk öncə real ünsiyyətdən uzaqlaşır”.
Bütün bunlardan belə bir nəticəyə gəlirik ki, sosial şəbəkələrin fəsadları xeyrindən daha çoxdur. Bəs nə etməli? 21-ci əsrin fenomeninə çevrilmiş internetdən imtina etməli? Bu suala əlbəttə ki, hər bir kəs mənfi cavab verəcək. Sosial şəbəkələrin həyatımızda bu cür əhəmiyyətli rolu olarkən, ondan birdəfəlik imtina etmək də ağılsızlıq olardı.
Bu gün insanların sosial şəbəkələrdən asılı olmasının daha bir səbəbi də, bir-biriləri ilə fikir bölüşməsidir. Bu günün tələbi olan və eyni zamanda da bir çox valideynlərin narazılıqlarına səbəb olan sosial şəbəkələr həqiqətən də həyatımızda böyük rola malikdir. Bir çox cavanlarımızın bu cür şəbəkələrdə vaxt itirmələrinə mənfi münasibət bəsləyirlər. Lakin gəlin unutmayaq ki, bu insanların hər birinin öz səbəbləri var.
Məsələn, qızlarımız: Azərbaycanda çətin ki, qızlarımız gecə klubları və disko-barlara getsinlər. Bu, mümkünsüzdür. Səbəb isə bunun valideynlərin buna icazə verməməsi və mentalitetimizə tamamilə zidd olmasıdır. Və təbiidir ki, hər bir qıza bu cür yerlərdə olmaq maraqlıdır.
Ən azı, o mühitin ab-havasıyla tanış olmaq istəyi hər bir kəsdə var. Belədə valideynlər buna icazə verməyəndə, tamamilə qapalı bir şəraitdə yaşayanlar nə etməli? Bu sualın həllini bir çox gənclərimiz də sosial şəbəkələrdə görürlər. Bu cür şəbəkələrdə gənclərimiz tamamilə özlərinə aid olan virtual bir dünya yaradırlar. Məhz bu virtual dünya onların daxilində yaranan boşluğu doldurur.
Eyni zamanda da virtual dünya real dünyadan uzaqlaşmağa şərait yaradır. Sosial şəbəkə sakinlərinin əksəriyyəti real həyatda nə vaxtsa, müxtəlif problem və s. kimi şeylərlə üzləşmiş insanlardır. Sosial şəbəkələr isə bu insanlara sanki bir növ sığanacaq verir desək, yanılmarıq.
Lakin bütün vaxtımızı da buna sərf etmək düzgün deyil. Gənclər, ümumiyyətlə, bu cür sosial şəbəkələrdən istifadə edən hər bir şəxs, özünə məhdudiyyət qoysa, daha doğru olar. Saatlarla internet qarşısında olmaqdansa, vaxtınızı sizə maraqlı olan başqa şeylərə də sərf edə bilərsiniz.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒