Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Mərkəzi Bankda pensiya və müavinətlərin əhaliyə çatdırılmasının keyfiyyəti müzakirə olundu

Mərkəzi Bankda pensiya və müavinətlərin əhaliyə çatdırılmasının keyfiyyəti müzakirə olundu

AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Mərkəzi Bankda Dövlət Sosial Müdafiə Fondunun (DSMF), Azərbaycan Beynəlxalq Bankı (ABB) və Kapital Bankın nümayəndələrinin iştirakı ilə pensiya və müavinətlərin əhaliyə çatdırılması üzrə göstərilən bank xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və mövcud problemlərin müzakirəsi üçün ənənəvi olaraq təşkil edilən növbəti görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirmişdir ki, pensiya sistemində aparılan islahatlar və ölkə başçısının pensiya və sosial müavinətlərin artırılması istiqamətində verdiyi tapşırıqlar Mərkəzi Bankın daim diqqət mərkəzindədir. Aparılan islahatlar çərçivəsində pensiya məbləğlərinin artırılması paylanma məqsədilə istifadə olunan kart infrastrukturuna tələbatı artırmış, müvəkkil bankların bankomatlarının nağd pulla, xüsusən də kiçik nominallı əskinaslarla təmin edilməsinə xüsusi ehtiyac yaranmışdır.
Daha sonra məlumat verildi ki, hal hazırda ölkədə pensiya və sosial müavinətlərin paylanılması DSMF tərəfindən seçilmiş iki müvəkkil bank tərəfindən həyata keçirilir. Pensiya və sosial müavinətlərin paylanılmasını bütövlükdə Bakı və Sumqayıt şəhərləri üzrə ABB, regionlar üzrə isə həm ABB, həm də Kapital Bank həyata keçirir. 01sentyabr 2011-ci il tarixinə olan məlumata görə ABB 622 (Bakı ş. üzrə 354, regionlar üzrə 268) və Kapital Bank 416 (Bakı ş. üzrə 108, regionlar üzrə 308) ədəd bankomat vasitəsilə əhaliyə xidmət göstərir.
Hər iki müvəkkil bankın nümayəndələri ötən dövrlərdə pensiya və müavinətlərin paylanmasında çatışmazlıqların aradan qaldırılması və həmçinin bankomatların nağd pulla daha operativ təmin edilməsinin təşkili məqsədilə Mərkəzi Bankın dəstəyi ilə ayrı-ayrı ərazilərdə xəzinə qovşaqların yaradıldığını bildirdilər. Eyni zamanda bankomatlarda dayanıqlı rabitənin təmin edilməsi məqsədilə stasionar rabitə kanalları tədricən GSM rabitə kanalları ilə əvəz edilir ki, bunun da nəticəsində yeni bankomatların quraşdırılması (xüsusən ucqar yerlərdə) imkanı yaranmışdır.
AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumata görə, müzakirələrdə pensiya və müavinətlərin əhaliyə çatdırılması zamanı müasir texnologiyalardan – “SMS məlumatlandırma” xidmətindən istifadə olunması təklif olunub. Belə ki, aparılan müşahidələr onu göstərir ki, bir çox hallarda bankomatlar qarşısında uzun növbələrin yaranmasına səbəb pensiyaçıların pensiya və müavinətlərin verilməsi ərəfəsində bankomatlarda balanslarının yoxlanılması ilə əlaqədardır. Bildirildi ki, bu xidmətin tətbiqi sayəsində pensiyaçıları pensiya və sosial müavinətlərin ödəniş kartı hesabına köçürüldüyü barədə məlumatlandırmaq mümkündür.
Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyevin bildirdiyinə görə Mərkəzi Bank fəaliyyətini “dövriyyədə təmiz pul” siyasəti üzərində qurmuşdur və həm iqtisadiyyatı, həm də pensiyaçıları təmin etməyə kifayət qədər nağd pul ehtiyatına malikdir.
AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumata görə, görüşün yekununda pensiya və müavinətlərin əhaliyə çatdırılmasında daha keyfiyyətli xidmətin göstərilməsi məqsədilə Mərkəzi Bank tərəfindən müvəkkil banklara pensiyaçılarının hər iki bankın bankomat şəbəkəsindən əlavə haqq ödəmədən istifadə etməsi imkanının yaradılması üçün müvafiq qiymətləndirmələrin aparılması, həmçinin pensiya və müavinətlərin paylanılmasına cəlb edilmiş bankomatların nağd pulla, o cümlədən bir manatlıq əskinaslarla təmin edilməsi üçün zəruri addımların atılması tapşırılıb.
Həmçinin DSMF-yə tövsiyə olundu ki, pensiya və müavinətlərin paylanması zamanı bankomatlar qarşısında növbələrin yaranmaması üçün pensiyaçılar arasında “SMS məlumatlandırma” xidmətinin geniş tətbiq edilməsi və eyni zamanda pensiyaların paylanmasının hər bir rayon və şəhər daxilində ayrı-ayrı yaşayış məntəqələri üzrə razılaşdırılmış sürüşkən qrafiklə maliyyələşdirilməsi imkanı yaradılsın. Eyni zamanda bildirildi ki, pensiyaçılara göstərilən bank xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə azad rəqabət mühitinin yaradılması məqsədilə pensiya, təqaüd və digər sosial ödənişlərin paylanması prosesinə cəlb olunmuş müvəkkil təşkilatların sayı artırılmalı, pensiyaçılara bu təşkilatlar arasında sərbəst seçim etmək imkanı verilməlidir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*