İqtisadiyyata kredit qoyuluşlarının sahələr üzrə strukturu məlum oldu
|
2011-ci il noyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 9 milyard 776,2 milyon manat təşkil etmişdir. AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% artmışdır.
Kreditlərin 32,9%-i və ya 3 milyard 212,5 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 milyard 884,5 milyon manat (29,5%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 385,3 milyon manatı (3,9%), sənaye və istehsalın payına isə 582,9 milyon manatı (6%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 298,4 milyon manatı və ya 3,1%-i, kənd təsərrüfatı və emalına 484,2 milyon manatı və ya 5%-i, inşaat və əmlak sahəsinə 750,1 milyon manat (7,7%), digər sahələrə isə 46,4 milyon manatı və ya 0,5%-i yönəldilib.
2011-ci il noyabrın 1-nə kreditlərin 3 milyard 103,4 milyon manatı (31,7%) qısamüddətli, 6 milyard 672,7 milyon manatı (68,3%) isə uzunmüddətli kreditlər olub.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 270,9 milyon manat (33,5%), özəl banklar tərəfindən 6 milyard 253,7 milyon manat (64%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 251,5 milyon manat (2,6%) kredit qoyulmuşdur.
Kreditlərin 6 milyard 150,2 milyon manatı və ya 62,9%-i manatla, 3 milyard 625,9 milyon manatı və ya 37,1%-i xarici valyuta ilə verilmişdir. Kredit qoyuluşlarının 626,5 milyon manatı (6,4%) vaxtı keçmiş kreditlərin payına düşüb.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒