Azərbaycanda “Halal” dövlət standartı təsdiqləndi
|
AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 372-2012 “ “Halal” ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər”, AZS 386-2012 (CAC/GL 24-2012) “ “Halal” termininin istifadəsi üzrə ümumi qaydalar” və AZS 731-2012 (OİC/SMİİC1:2011) “ “Halal” qida. Ümumi tələblər” dövlət standartlarını təsdiq etmişdir. Standartlar 1 avqust 2012-ci il tarixindən Azərbaycan Respublikasında tətbiq ediləcəkdir.
AZS 372-2012 “ “Halal” ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər” dövlət standartı “Halal” markası ilə satışa buraxılan ət məhsullarına şamil edilir və bu məhsulların istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələbləri müəyyən edir. Standarta əsasən “halal” ət məhsullarının istehsalı məhsulun keyfiyyəti və təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tələbləri əsasında təşkil edilməli, hazır məhsulun keyfiyyət və təhlükəsizlik göstəriciləri qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olmalıdır. “Halal” ət məhsullarının istehsal proseslərində bu məhsulların istehsal xüsusiyyətlərini bilən və onlara ciddi riayət edən, xüsusi təlim keçmiş işçilər işləməlidir. Standarta əsasən kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır. Heyvanların əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi məsləhət görülmür. Müstəsna hallarda sakitləşdirici elektrik cərəyanı tətbiq etməyə yol verilir. Elektrik cərəyanının gərginliyi, gücü və təsir vaxtı heyvanın növünə əsasən texnoloji sənəddə göstərilməlidir. Hər bir heyvanı kəsməyə “Bismillah, Allahu Əkbər!” deməklə başlamaq lazımdır. Standarta əsasən “halal” heyvanların kəsilməsində “haram” sayılan heyvanların keyləşdirilməsi və kəsilməsi üçün işlədilmiş alətlərdən istifadə etməyə icazə verilmir. Həmçinin standartda istehsal sahələrinə və proseslərinə, qablaşdırma və markalanmaya, məhsulun daşınması, saxlanması və satışına olan tələblər də göstərilmişdir.
AZS 386-2012 (CAC/GL 24-2012) “ “Halal” termininin istifadəsi üzrə ümumi qaydalar” dövlət standartı yeyinti məhsullarının markalanması zamanı məhsulun “halal” prinsiplərinə əsasən hazırlandığı haqqında məlumatın qəbul edilməsi üzrə tələbləri müəyyən edir. Həmçinin standart məhsulun xüsusiyyətləri haqqında məlumatlarda “halal” termininin və ona ekvivalent olan digər terminlərin istifadəsinə şamil edilir və bu terminin əmtəə nişanlarında, firma və kommersiya markalarında istifadəsini müəyyən edir. Standarta əsasən məhsulun “halal” olması haqqında məlumatdan markalanmada elə istifadə edilməlidir ki, digər analoji yeyinti məhsulunun təhlükəsizliyi ilə əlaqədar şübhə əmələ gəlməsin və “halal” yeyinti məhsullarının öz xüsusiyyətlərinə görə digər yeyinti məhsullarından üstün və ya sağlamlıq üçün daha faydalı olması barədə fikir yaranmasın.
AZS 731-2012 (OİC/SMİİC1:2011) “ “Halal” qida. Ümumi tələblər” dövlət standartı İslam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib-boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət ediməsi vacib olan ümumi qaydaları əhatə edir. Standartda heyvanın kəsilmə qaydaları, kəsim üçün nəzərdə tutulmuş heyvanda lazım olan şərtlər, qəssaba olan tələblər, kəsimdə istifadə olunan vasitələr, sallaqxanalara olan tələblər, kəsimdən əvvəl heyvana sağlamlıq baxışı, heyvanın təmizlənməsi və yuyulması, kəsim prosesi və s. ilə bağlı tələblər göstərilmişdir.
Hər üç standartın tələbləri məcburidir. Standartlar Azərbaycan Standartları İnstitutu tərəfindən hazırlanmışdır.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒