Azərbaycanın ən çox ixrac etdiyi məhsullar…
|
AgahMedia.Com informasiya portalının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən aldığı məlumata görə, “İxrac İcmalı”nın 2019-ci ilin aprel ayı üçün sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 4,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard ABŞ dolları və ya 34 faiz artıb.
Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 415 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 59 milyon ABŞ dolları və ya 16,5 faiz artıb.
Bu ilin birinci rübü ərzində Rusiyaya 115 milyon, Türkiyəyə 99 milyon, Gürcüstana 50 milyon, İsveçrəyə 33,7 milyon və İtaliyaya 12,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk üç ayında Rusiyaya qeyri-neft ixracı 17%, Türkiyəyə 2%, Gürcüstana 58%, İtaliyaya 74% artıb.
2019-cu ilin I rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (38,4 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (38,4 milyon ABŞ dolları) ikinci və mahlıc (37,4 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2019-cu ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 103,5 milyon, elektrik enerjisinin ixracı 38,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 48,4 milyon, pambıq lifi ixracı 37,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 17,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,5 milyon, pambıq ipliyi ixracı 6,4 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında pambıq lifinin ixracı 2,8 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,8 dəfə, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 50 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, pambıq ipliyinin ixracı 34 faiz, meyvə-tərəvəzin ixracı 28 faiz, elektrik enerjisinin ixracı 13 faiz artıb.
2019-cu ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133,7 milyon ABŞ dolları təşkil edib. Bu ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal Türkiyəyə (35,7 milyon ABŞ dolları), Rusiyaya (33,3 milyon ABŞ dolları) və Gürcüstana (13,2 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (13,7 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 12,3 milyon ABŞ dolları) ikinci, daranmaya məruz qalmamış pambıq lifi (11,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
“İxrac İcmalı”nın aprel sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Socar Polymer” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “P-Aqro” MMC, “TST Export” MMC, “Sun Food” MMC, “Azhazelnut” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “Baku Steel Company” MMC, “Azerstar” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “CTS-Agro” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Bakı Neft Maşınqayırma Zavodu” TASC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC.
“İxrac İcmalı”nda xidmət ixracına da yer verilib. Bildirilir ki, 2019-cu ilin birinci rübündə “Azərkosmos” ASC tərəfindən dünyanın 17 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 85 faizini təşkil edib. 2019-cu ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 17 ölkəsinə 5,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, BƏƏ, Almaniya, Birləşmiş Krallıqdır.
“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 271,6 milyon manat olub.
Bu ilin mart ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 98 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-mart ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-mart aylarında Azexport.az portalına 178,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Bu ilin mart ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 32,8 milyon ABŞ dolları təşkil edib. Mart ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya(11,5%), Türkiyə (9,9%), ABŞ (7%), Hindistan (6,6%) və Gürcüstan (5,3%) qərarlaşıb.
Cari ilin mart ayında ən çox ixrac sifarişi pambıq lifi, pambıq yağı, soğan, tütün, şərab, nar şirəsi, çay, qənnadı məhsulları, konservləşdirilmiş tərəvəz, kosmetik vasitə, gül, fındıq, tikinti materialı, mühərrik yağı, dondurulmuş toyuq əti, biyan kökü və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 mart tarixinə kimi (27 ay ərzində) Azexport.az portalına dünyanın 126 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 167,5 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 9,9 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-aprel ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 30,5 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Qeyd edilənlərlə yanaşı, “İxrac İcmalı”nda Azexport.az portalı vasitəsi ilə Hindistana yun ixracı ilə bağlı aparılan danışıqlar, “İxrac strategiyası” mövzusunda keçirilən təlim, Qətərə və Latviyaya təşkil olunan ixrac missiyaları və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
Bu kontentin portalımızda yayınladığı tarix : 01/05/2019Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒