Home » Siyasət, Ümumi » Siyavuş Novruzov: Güman edirəm ki, qarşıdan gələn parlament seçkilərində də irəliyə doğru addım atacağıq

Siyavuş Novruzov: Güman edirəm ki, qarşıdan gələn parlament seçkilərində də irəliyə doğru addım atacağıq

– Seçki müddətinin sentyabrın əvvəllərində başlamasına baxmayaraq, Yeni Azərbaycan Partiyasında parlament seçkilərinə yəqin ki, hazırlıq gedir. Hal-hazırda hansı işlər aparılır?
– Yeni Azərbaycan Partiyasında parlament seçkilərinə hazırlıq plana uyğun olaraq aparılır. Yerlərdə partiyanın seçki qərargahları yaradılır, üzvləri müəyyənləşdirilir və siyahılar mərkəzi qərargaha göndərilir. Bundan əlavə gələcəkdə bizim maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrimiz, imza toplayacaq şəxslərimiz müəyyənləşdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlər hazırlanır. Seçki müddətinə kimi görülməli lazım olan işlər partiyanın seçki planına uyğun şəkildə başa çatdırılacaq. Seçkiyə start verilən müddət ərzində namizədlərin irəli sürülməsi, müvafiq sənədlərin dairə seçki komissiyalarına təqdim olunması, namizədlərin qeydiyyatdan keçməsi və bundan sonra təbliğat-təşviqat işlərinin aparılması davam edəcək.
– Yeni Azərbaycan Partiyasının bəzi funksionerləri parlament seçkilərində gənclərə daha çox üstünlük verilməsi ilə bağlı fikirlər səsləndirirlər. Bu fikirlərə münasibətiniz necədir?
– Düzdür, bizim partiyanın üzvləri, millət vəkilləri bu və ya digər şəkildə öz arzu və istəklərini ifadə edirlər. Təbii ki, bu arzu və istəklərə hörmətlə yanaşıram. Amma nəzərə alaq ki, Yeni Azərbaycan Partiyasının seçki proqramı partiyanınm İdarə Heyəti tərəfindən qəbul olunub. Bu proqrama uyğun şəkildə də işlər gedir. Partiyanın adından onun Sədri, Siyasi Şurası, İdarə Heyəti və İcra Katibliyi partiya ilə bağlı hər hansı bir açıqlama və yaxud bəyanat verə bilər. Qalanları isə, dediyim kimi, öz arzu və istəklərini ifadə edə bilərlər. Bələdiyyə seçkiləri ilə parlament seçkilərini bir-birindən fərqləndirmək lazımdır. Bələdiyyə seçkilərində çalışdıq ki, gənclərin, qadınların sayı çox olsun. Lakin Parlament bələdiyyə deyil. Parlamentdə yerlərin sayı 125, bələdiyyələrdə isə 20 minə yaxındır. Parlamentdə tam yetkin insanların təmsil olunması vacibdir. Yalnız seçici tərəfindən qəbul olunan şəxslər parlamentdə yer qazana bilərlər. Biz sovet dövründə yaşamırıq ki, hər hansı bir norma müəyyənləşdirək – 3-ü gənc, 3-ü qadın, 5-i sağıcı və yaxud 5-i çoban olsun. Bu birbaşa olaraq seçicinin iradəsi ilə bağlı olan məsələdir. Məhz bu baxımdan partiyanın rayon-şəhər təşkilatları araşdırmalar aparırlar ki, seçicilər hansı xarakterə malik namizədi görmək istəyirlər. Biz bunları müəyyənləşdirdikdən və partiya sədri ilə məsləhətləşdikdən sonra, onun tövsiyələrinə uyğun şəkildə, həmin ərazidə yaşayan seçicilərin arzu və istəklərini nəzərə alaraq namizədlərin irəli sürülməsini nəzərdə tuturuq. Seçkinin əsas işi tədqiqat, ikincisi isə təhlildir. Tədqiqat aparmışıq, indi onun təhlili ilə məşğuluq. Təhlil etməliyik ki, hansı dairədə o biri partiyaların namizədi kim olacaq və bizim partiyadan onun alternativi kim ola bilər? Əgər başqa bir partiya bir qədər tanınmış şəxsi namizəd irəli sürərsə və ona alternativ olaraq YAP gənc bir namizəd irəli sürərsə, bu, hansı dünyagörüşə, hansı təfəkkürə uyğun ola bilər? Bu, Yeni Azərbaycan Partiyasının seçki strategiyasına aidiyyəti olmayan bir məsələdir. Partiyanın seçki strategiyası var və bununla bağlı partiyanın sədr müavini Əli Əhmədov da öz fikirlərini bildirib.
– Parlamentdə Yeni Azərbaycan Partiyası 64 millət vəkili ilə təmsil olunur. Keçən illər ərzində partiyanın malik olduğu sosial bazanın genişlənməsinə söykənərək bu rəqəmin artmasını gözləmək olarmı?
– Təbii ki, bu cür olmalıdır. Digər seçkilərin nəticələrinə də diqqət yetirsək görərik ki, seçkidən-seçkiyə göstəricilər yaxşılaşıb. Güman edirəm ki, qarşıdan gələn parlament seçkilərində də irəliyə doğru addım atacağıq. Ölkədə abadlıq-quruculuq işləri aparılır, iri iqtisadi layihələr həyata keçirilir, yeni yollar çəkilir, insanların sosial müdafiəsinin yaxşılaşdırılması üçün geniş tədbirlər görülür. Məhz buna görə də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin əksəriyyətinin əhali tərəfindən dəstəklənəcəyinə inanırıq. İnkişafın nəticəsi olaraq insanlar partiyamızın sıralarına üz tutur və hal-hazırda partiyanın sıralarında 516 min üzv var. Azərbaycanın görkəmli ziyalıları, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan insanlar Yeni Azərbaycan Partiyasının ətrafında birləşiblər. Bunların hamısı sosial bazadır və onlar digər təbəqələrlə iş apararaq onları partiyamızın irəli sürdüyü namizədlərə səs verməyə çağıracaqlar.
– Necə hesab edirsiniz, hər bir millət vəkili seçici qarşısında hesabat verməlidirmi? Çox güman ki, çoxları yenidən seçicilərin qarşısına çıxaraq onlardan səs istəyəcək.
– Seçkinin özü bir hesabatdır. Namizəd var ki, seçicinin qarşısına çıxa biləcək, namizəd də var ki, bunu bacarmayacaq. Maraqlıdır ki, seçicilərin ona ünvanladığı suallara hansı cavabı verəcək. Bu bir neçə amillə bağlıdır. Parlamentdə seçiciləri necə təmsil edib, seçicilərin problemlərinin həll edilməsi, onların ərizə və şikayətlərinə baxılması istiqamətində hansı işlər görüb? Bunların hamısı təbii ki, seçkilərdə rol oynayacaq. Seçkinin özü uzun bir prosesdir və namizəd, millət vəkili seçicisi ilə daim ünsiyyətdə olmalıdır. Seçicilərin arzu və istəklərini bu və ya digər şəkildə aidiyyəti orqanlara çatdırmalıdır.
– Müxalifət düşərgəsində baş verən proseslərlə, konkert olaraq Müsavat-AXCP birliyi ilə bağlı fikirləriniz necədir?
– Müsavat-AXCP birliyinin yaradılması düşünürəm ki, ciddi bir şey deyil. Bunların hər ikisinin gücü tükənib və bu partiyalar eyni sosial bazaya sahibdir. Bu baxımdan sözügedən partiyaların birləşməsi şou xarakteri daşıyır. Müəyyən dövr ərzində ayrı-ayrı beynəlxalq təşkilatların və dövlətlərin diqqətini cəlb etmək istəyirlər. Onlar özləri də yaxşı bilirlər ki, heç bir sosial bazaya sahib deyillər və əvvəlki seçkilərdə olduğu kimi, növbəti seçkilərdə də məğlub olacaqlar.
– Müxalifətin seçkilərə hazırlaşmaq üçün təbliğat imkanlarının az olması ilə bağlı şikayətləri mütəmadi olaraq eşidilir…
– Bu iddialarla əsla razılaşmaq mümkün deyil. Müxalifət nümayəndələri mütəmadi olaraq ictimai televiziyada, eləcə də digər telekanallarda verilişlərə dəvət olunur və çıxış edirlər. Kimi dəvət etmirlərsə, bu onun özünün günahıdır, yəqin müzakirə olunan məsələ üzrə mütəxəssis deyil, yaxud ümumiyyətlə başı çıxmır. Debatlarda da iştirak edirik, öz qəzetlərində də müsahibələr verirlər. Parlament seçkilərində irəli sürülən namizəd artıq ictimaiyyət tərəfindən tanınmış şəxs olmalıdır ki, kifayət qədər səs qazana bilsin. Seçki müddəti iki ay deyil, lap 5 ay olsun, bu müddət ərzində kimisə cəmiyyətə tanıtmaq və onu seçdirmək mümkün deyil axı. Uzun illər lazımdır ki, onun həyatı, ictimai-siyasi fəaliyyəti, dünyagörüşü, müəyyən məsələlərə baxışı haqqında cəmiyyətdə fikirlər formalaşsın. Seçki uzun bir prosesdir, seçki müddəti ilə məhdudlaşdırılmamalıdır. ABŞ-da prezident seçkisinin müddəti bir aydır, həmin müddətə qədər partiyadaxili seçkilər gedir, namizədlər debatlarda çıxış edir. Bu mərhələdən keçənlər elə insanlardır ki, artıq onlar bütün cəmiyyət tərəfindən tanınır. Bizdə adını, soyadını düzgün yaza bilməyənlər prezident seçkisində namizəd olur. Yaxud kimsə gözləyir ki, harada doğulubsa oradan millət vəkili seçiləcək. Seçkinin özünəməxsus taktikası var və bu taktikaya uyğun olaraq işlər aparılmalıdır. Seşkilərə hazırlıq ötən seçkilərin qurtardığı gündən başlanır. Seçkilər qurtardıqdan sonra təhlil aparırsan ki, hansı dairədə niyə zəif nəticə əldə etdim. Təhlillərdən sonra növbəti seçkilərə qədər zəif nöqtələrin aradan qaldırılması üçün fəaliyyət planı hazırlanır. Seçkilərə iki ay ərzində hazırlaşmaq təbii ki, uğursuzluğa səbəb olacaq.
– Müxalifət mətbuatında belə iddialar səslənir ki, Yeni Azərbaycan Partiyası daxilində namizədlərin müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılıqları var. Bu fikirlərə münasibətiniz necədir?
– Bunların hamısı təxribatdır. Heç kim də bu təxribata uymur. O insanlar ki, Yeni Azərbaycan Partiyası haqqında fikirlər səsləndirlər, onların partiya haqqında məlumatları yoxdur. Yeni Azərbaycan Partiyasında işlər hansı qaydada aparılır, onların xəbərləri yoxdur. Belə fikir səsləndirirlər ki, yaşlı nəsil ilə gənc nəsil arasında mübarizə gedir. Yeni Azərbaycan Partiyasında heç vaxt belə bir mübarizə olmayıb, partiya Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış bir partiyadır, onun bünövrəsi möhkəmdir. Partiyanın Sədri, cənab prezident İlham Əliyevin tapşırıqları əsasında işlərini aparır, seçkilərə hazırlaşır. Partiya daxilində hər hansı bir ziddiyyət olmayıb və bundan sonra da olmayacaq. Bu fikirlər sadəcə olaraq çaşqınlıq yaratmaq üçün ortaya atılıb.
– Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların hazırkı vəziyyəti ilə bağlı fikirləriniz necədir?
– Son danışıqlar da göstərdi ki, Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozmağa cəhd edir. Amma erməni tərəfinin ortaya qoyacağı heç bir tutarlı arqument yoxdur. Bunu dünya ictimaiyyəti də, həmsədrlər də bilir. Onlar görürlər ki, Azərbaycan konkret olaraq öz mövqeyini ortaya qoyub. Vaxtilə razılaşdırılmış sənədə ermənilərin yenidən qayıtmaq istəməsi onu göstərir ki, Ermənistan prosesin uzadılmasında maraqlıdır. Azərbaycan isə prosesin uzadılmasında heç vaxt maraqlı ola bilməz. Bizim hüquqi təminatımız var, BMT-nin qəbul etdiyi qətnamələr və bir çox beynəlxalq sənədlər imkan verir ki, digər yollarla da işğal olunmuş torpaqlarımızı azad edək.
– Beynəlxalq Haaqa Məhkəməsinin Kosovanın müstəqilliyi ilə bağlı qəbul etdiyi qərardan ermənilər sevincini gizlətmirlər. Onların sevinməsinə nə dərəcədə əsas var?
– Bu məsələlər tamamilə bir-birindən fərqlidir. Oradakı situasiya tamamilə başqadır. Əgər Kosova Dağlıq Qarabağ üçün presedent olsa, onda gərək dünyada 200 deyil, 20 min dövlət olsun. Hər bir dövlətin tərkibində onlarla bu cür subyektlər var. ABŞ-da ştatların hərəsi bir dövlətdir, Kosovadır. Bu siyahıya Fransa, İspaniya, İsveç və daha onlarla ölkəni daxil etmək olar. Kosovanın müstəqilliyi müstəsna bir hal idi. Bunun özü də qanunsuz idi. ABŞ-ın köməyi ilə Kosova müstəqilliyini elan edib və onun təsiri altında digər ölkələr bu dövlətin müstəqilliyini tanıyıblar.
“SƏS” İnformasiya Agentliyi
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*