Vergilər Nazirliyi işə qəbul üzrə müsabiqə elan etdi…
|
Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.
Müsabiqədə iştiraka, bir qayda olaraq, iqtisadiyyat və idarəetmə, hüquqşünaslıq ixtisas istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar.
AgahMedia.Com informasiya portalının Vergilər Nazirliyindən aldığı məlumata görə, müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 27.02.2017-ci il saat 10:00-dan 12.03.2017-ci il saat 24:00-dək həyata keçirilir.
Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın surəti və ali təhsil haqqında diplomun surəti mütləq qaydada elektron fayl şəklində əlavə olunmalıdır.
Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanı vasitəsi ilə məlumat verilir.
Ərizə sistemə daxil olunduqdan beş gün ərzində onun müsabiqədə iştirak üçün qəbul edilib-edilməməsi müvafiq işçi qrup tərəfindən yoxlanılır, ərizə qəbul edilərsə vətəndaşa iş nömrəsi və imtahana buraxılış vərəqəsinin götürülmə tarixi, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat göndərilir.
Vətəndaşlar elektron ərizə formasını doldurmaqda çətinlik çəkdikdə və ya bu zaman hər hansı texniki problemlə rastlaşdıqda, habelə ərizə ilə müraciət etdikləri müddətdən beş gün keçdiyinə baxmayaraq onların elektron poçt ünvanına Nazirlik tərəfindən heç bir məlumat göndərilmədikdə 012-403-81-35 və 012-403-88-04 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Sənədləri qəbul edilən namizədlər 12.04.2017-ci il tarixdən 14.04.2017-ci il saat 18:00-dək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 15.04.2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.
Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı 27.02.2017-ci il tarixdə Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcəkdir.
Müsabiqədə uğur qazanan vətəndaşlara ərazi vergi orqanlarında və ya rayon vergilər şöbələrində olan vakant vəzifələr üzrə iş təklif ediləcəkdir. Göstərilən təklifdən imtina edən şəxslər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:
– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
– üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.
Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar müsabiqədə iştiraka buraxılmırlar.
Diqqət! Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan vətəndaşlara müsahibə mərhələsində üstünlük verilir. Vətəndaş ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.
Bu kontentin portalımızda yayınladığı tarix : 23/02/2017Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒