Home » Beynəlxalq, Siyasət, Ümumi » Qabil Hüseynli: Sarkisyanın güzəştə getməmək barədə dedikləri qarşı tərəfə yönəlmiş dezinformasiyadır

Qabil Hüseynli: Sarkisyanın güzəştə getməmək barədə dedikləri qarşı tərəfə yönəlmiş dezinformasiyadır

Kazan görüşündən əvvəl «Euronews» telekanalı Ermənistan prezidentinin müsahibəsini yayımlayıb. ANS PRESS-in məlumatına görə, danışıqlarla bağlı fikirlərini açıqlayan Serj Sarkisyan deyib ki, onun gözləntiləri böyük deyil: «Siz güzəştləri qeyd etdiniz. Ancaq biz birtərəfli güzəştlərin əleyhinəyik. Biz qarşılıqlı güzəştlər təklif edirik. Bizə qarşı silah çevirməyə hazır olan bir dövlətlə güzəştə getməliyikmi?”
Sarkisyan belə hesab edir ki, beynəlxalq ictimaiyyət hələ də bu məsələdə yorulmayıb: «Beynəlxalq ictimaiyyət Ermənistanı, Qarabağı və Azərbaycanı bu prinsiplərə əsaslanan həllə doğru addım atmağa hazır olub-olmadığımıza dair qəti cavab verməyə çağırıb. Biz yubanmadan “hə” və ya “yox” cavabını verməliyik. Bu, bizim Kazanda cavab verməli olduğumuz sualdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibəsini əslində Serj Sarkisyana verilmiş cavab kimi də səciyyələndirmək olar. Prezident müsahibəsində bildirib ki, rəsmi Bakı görüşlə bağlı nikbin əhval-ruhiyyədədir: «Biz düşünürük ki, erməni tərəfi konstruktiv hərəkət edəcək. İrəliyə vacib addım atmaq üçün siyasi iradəmiz kifayət edəcək və münaqişə tez bir zamanda həll olunacaq». (ANS PRESS)
Prezident onu da deyib ki, danışıqlar prosesi vasitəçilərin tərəflərə təqdim etdiyi və beynəlxalq aləmdə qəbul edilən prinsiplərlə üst-üstə düşən baza prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, bu, ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi hüququdur: «Bu prinsiplər mübahisə obyekti deyil və sülh razılaşmasına daxil ediləcək qədər vacibdir. Biz özümüzə məxsus olan şeyin qarşılığında nəsə təklif etmək niyyətində deyilik. Dağlıq Qarabağ qədimdən Azərbaycana məxsus olub və beynəlxalq aləm onu Azərbaycan ərazisi kimi tanıyır. Uzun illər ərzində Azərbaycanın mövqeyi aydındır. Şəxsən mən dəfələrlə bəyan etmişəm ki, biz yalnız sülh şəraitində DQ sakinlərinə ən geniş muxtariyyariyyətə təminat verməyə hazırıq”. Azərbaycan Prezidentinin sözlərinə görə, muxtariyyət məsələsi gələcək danışıqların predmeti ola bilər. Dövlət başçısı bəyan edib ki, Azərbaycan böyük maliyyə imkanlarına malikdir və Bakı üçün Dağlıq Qarabağda ciddi iqtisadi və siyasi inkişaf proqramlarına başlamaq o qədər də böyük problem deyil”.
AgahMedia.Com portalının əməkdaşının sullarını cavablandıran politoloq Qabil Hüseynlinin fikrincə, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narahatdır və bu münaqişəni də Fələstin münaqişəsi kimi həll olunmayan münaqişələr sırasına aid edir: «Sarkisyanın özü də yaxşı bilir ki, qarşılıqlı güzəştlərə getməmək nədən irəli gəlir. Çünki, Sarkisyan tipli beyni millətçilik mikrobu ilə zəhərlənmiş siyasilər və hərbçilər istəmirlər ki, Ermənistan Azərbaycan qarşısında güzəştə getsin. Digər tərəfdən də onları silahlandırıb Azərbaycanın üstünə göndərən ruslar da Ermənistanın güzəştə geməsini istəməyib».
Onun fikrincə, Dmitri Medvedev Səkkizlərin görüşündə indiki status-kvonun saxlanılmaması istəmədiyini desə də, əslində uzun illərdir bölgədə kvonun qoruyub saxlanılmasını və onu dəyişməyə qoymayan elə onlardır. Müsahibimin sözlərinə görə, Sarkisyan Azərbaycanı güzəştə getməyən bir dövlət kimi səciyyələndirmək istəsə də, buna nail ola bilmir: «Bəs, Azərbaycan nə qədər güzəştə getməlidir? Çünki, Azərbaycan torpaqları işğala məruz qalıb. Azərbaycan da ərazi bütövlüyünün təminatı və Dağlıq Qarabağa öz tərkibində yüksək statusun verilməsini təklif edir. Ümumiyyətlə, ermənilərə bu statusun verilməsinin öz elə böyük güzəştdir. Belə olan halda Ermənistanın isə rəsmi Bakını güzəştə getməməkdə ittiham etməsi gülüncdür. Ermənistan doğrudan da həyasız bir formada beynəlxalq ictimai rəyi aldatmaqla məşğuldur. Sarkisyanın güzəştə getməmək barədə dedikləri qarşı tərəfə yönəlmiş dezinformasiyadır. Yaxın vaxtlarda kimin nə istədiyi və güzəştlərə getmək istədiyi ortaya çıxacaq».

                                                                                                                 Rövşən Ziya

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*