Jerar Depardye gələn həftə Bakıya gələcək
|
Məşhur fransız aktyoru Jerar Depardye gələn həftə Bakıya gələcək. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə,aktyor dekabrın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.
Jerar Depardye həmin gün IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində teatr səhnəsində nümayiş olunacaq J. Bizenin “Karmen” operasından əvvəl səhnəyə çıxacaq. O, Azərbaycan səhnəsində Prosper Merimenin “Karmen” novellasından parçalar ifa edəcək. Həmin gün “Karmen” operası Qalina Vişnevskayanın opera mərkəzi solistlərinin iştirakı ilə keçiriləcək. Tanınmış rusiyalı vokalçılar – beynəlxalq müsabiqələrin qalibləri Alina Şakirova (Karmen), Oleq Dolqov (Xoze), Anastasiya Privoznovaya (Mikaella) ilə yanaşı, tamaşada həmçinin Rusiya Dövlət Akademik Böyük Teatrının solisti – Elçin Əzizov da (Eskamilio) çıxış edəcək. Opera tamaşasını tanınmış rusiyalı dirijor Yaroslav Tkalenko idarə edəcək. Tamaşanın quruluşçu rejissoru İvan Popovskidir.
Xatırladaq ki, Jerar Depardye sentyabrın 4-də “Karot” beynəlxalq festivalı çərçivəsində İrəvanda olub. Aktyor bu səfərində qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib. Bu səfərindən qısa müddət keçdikdən sonra fransız aktyoru ümumerməni “Hayastan” fonduna maliyyə yardımı etməyə hazır olduğunu bildirib. Onun bu bəyanatı “YouTube” videoportalında yerləşdirilib.
Qeyd edək ki, “Hayastan” fondu Ermənistanda, habelə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində xeyriyyə layihələri həyata keçirir.
Bu kontentin portalımızda yayınladığı tarix : 08/12/2010
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒