Bakıda Xəzəryanı regionun enerji sektorunun ən böyük tədbirinə start verildi
|
İyunun 3-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji sektorunun ən iri tədbiri – 21-ci Beynəlxalq Xəzər neft və qaz (“Caspian Oil & Gas-2014”), həmçinin 4-cü Xəzər Beynəlxalq energetika və alternativ enerji (“Caspian Power-2014”) sərgilərinin rəsmi açılışı olub. “Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən rəsmi dəstək göstərilir. Sərginin təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı – “Iteca Caspian” şirkətləri çıxış edirlər. Artıq 9 ildir ki, sərgi Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təqdir olunur. “UFI tərəfindən təsdiq olunmuşdur” nişanı sərginin bütün beynəlxalq standartlara uyğunluğunu sübut edir.
Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70 faizdən çoxunda məşhur şirkətlər qərarlaşıblar və onların arasında bilavasitə “Əsrin müqaviləsi”nin iştirakçıları – ARDNŞ, bp, “Statoil”, “TPAO”, “LUKoil” və s. kimi şirkətlər var.
AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, sərginin demək olar ki, bütün debütantları əvvəllər heç vaxt Azərbaycan bazarında olmayıblar və öz bizneslərini Xəzəryanı regionda genişləndirmək üçün bu sərgidən başlanğıc platforma kimi istifadə edirlər. Beynəlxalq “Caspian Oil & Gas” sərgisinin iştirakçı tərkibinin daimi yenilənməsi və genişlənməsi dünya neft-qaz cəmiyyətinin sərgiyə artan marağını vurğulayır. Sərgi iştirakçılarının ümumi sayının 35 faizini yerli şirkətlər təşkil edir. Ümumiyyətlə isə sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 10 faiz genişlənib.
Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançanı əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmini, regionda mövcud və gələcək neft-qaz layihələri və s. tematik bölmələrdən ibarətdir. Azərbaycanda “Sənaye ili” ilə əlaqədar olaraq iştirakçılar öz ekspozisiyalarında neft-qaz avadanlıqlarına xüsusi diqqət ayırıblar.
“Caspian Power” sərgisi isə “ITE Group Plc” şirkətinin energetika üzrə aparıcı sərgilər silsiləsinə daxildir və sənaye sərgiləri arasında özünü brend kimi sübut edib.
Sərgiyə Azərbaycan Respublikası Energetika Nazirliyi, eləcə də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən rəsmi dəstək göstərilir.
Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Çin, Rusiya, Türkiyə, Ukrayna və Finlandiyadan energetika sahəsində texnologiyaların təchizatı üzrə aparıcı şirkətlər var. Sərgi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət təşkilatları ilə yanaşı, “AzAlternativEnerji”, “AzGunTech”, “Bylectrica”, “EAE Elektrik”, “Electronic Information Systems”, “GALAD”, “GokNur Baku”, “Kardeş Elektrik”, Koznov adına Minsk Elektrotexniki Zavodu, “Nobel Electric”, “Radiy”, “Bresler tədqiqat mərkəzi, “Schneider Electric”, Sumqayıt Texnologiya Parkı, “Togliatti Transformator” və “Wartsila Azerbaijan” kimi şirkətləri də bir araya gətirib.
“Caspian Power-2014” sərgisində işıq diodları, günəş batareyaları panelləri, işıq diodlu indikatorlar, işıqlandırıcı cihazlar, müxtəlif kabel-naqil məhsulları, avtonom naqillər, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir lampalar, elektrik enerjisinin texniki və kommersiya məqsədli ölçülməsi üçün avtomatlaşdırılmış sistemlər və bir çox digər məhsullar nümayiş etdirilir.
Hər iki sərgi öz işini iyunun 6-da yekunlaşdıracaq.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒