Tarif Şurasının növbəti iclasında müxtəlif xidmətlərin tarifləri müəyyənləşdirildi
|
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə baxılıb. Metroda gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması qərara alınıb. AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, iclasda aidiyyəti qurumların müraciəti əsasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, isitmə və isti su təchizatı, soba mazutunun, Dövlət Radiotezliklər İdarəsi, Xüsusi Dövlət Mühafizə Xidməti və İstehlak Mallarının Ekspertizası Bürosunun göstərdiyi xidmətlərin tariflərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qruplar üzrə 1 kubmetr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri 1 kubmetr üçün 1,2 manat səviyyəsində təsdiq edilib. Şuranın müvafiq qərarı ilə bu sahədə istehlakçılara xidmətlərin müqavilə əsasında göstərilməsi tapşırılıb.
Tarif (qiymət) Şurası “Azəristiliktəchizat” ASC-nin göstərdiyi isti su təchizatı və isitmə xidmətlərinin tariflərini də müəyyənləşdirib. Belə ki, isti su tarifləri əhali qrupu üzrə 1 kubmetr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kubmetr üçün 1,5 manat səviyyəsində təsdiq edilib. Sayğac quraşdırılmamış mənzillərdə isə 1 nəfər üçün isti su sərfiyyatının aylıq norması 2 kubmetr səviyyəsində müəyyən olunub.
İsitmə xidməti tarifləri 1 kvadratmetr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 1 kubmetr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 Qkal enerji üçün 30 manat səviyyəsində təsdiq edilib.
AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən göstərilən radiotezliklərin ayrılması, qeydiyyatı və istismarı sahəsində xidmətlərin tarifləri ölkə ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri üçün 12 dəfə endirilib.
İclasda həmçinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet xidmətlərinin tariflərinə də baxılıb. Ölkədə internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və tariflərin aşağı salınması tədbirlərinin davamı olaraq xidmət tərəfindən təqdim edilən mövcud internet tarifləri orta hesabla 7,1 dəfə azaldılıb.
Tarif (qiymət) Şurasının iclasında, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosunun mövcud ekspertiza xidmətlərinin tarifləri orta hesabla 5 faiz aşağı salınıb, yeni xidmətlər üçün tariflər təsdiq edilib.
AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, iclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciəti müzakirə olunub və soba mazutunun topdansatış qiyməti təchizat xərcləri, əlavə dəyər və aksiz vergiləri də daxil olmaqla bir ton üçün 140 manat səviyyəsində müəyyən edilib.
Yeni tariflər 1 dekabr 2011-ci ildən qüvvəyə minəcək.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒