Ramazan ayının fəzilətləri
|
Peyğəmbərimizdən (s) öyrəndiyimiz, “Ey Rəbbimiz, bizə Rəcəb və Şəban ayını mübarək et və bizi Ramazana çatdır” duaları ilə yenə yeni bir Ramazan ayına yetişdik.
Ramazan ayı, “Əvvəli rəhmət, ortası məğfirət və sonu cəhənnəmdən qurtuluşdur” müjdəsi ilə bütün möminləri sevindirər.
On bir ayın sultanı sayılan bu şərafətli ay öz rəhmət və bərəkətiylə bizə doğru üz tutdu. Ramazan ayı haqqında müqəddəs Qurani-Kərimin “Bəqərə” surəsində bizə bəyan edilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib buyruldu ki, (bunun vasitəsilə) siz təqvalı olasınız!”.
Allah-Təala Hədisi-Qüdsdə buyurur: “Oruc mənə aiddir, mükafatını da özüm verəcəyəm”.
– Bu ayda oruc tutana iftar verənin günahları bağışlanar, cəhənnəmdən azad olar. Oruc tutanın savabından heç bir şey azalmadığı halda iftar verənə onun tutduğu orucun savabı qədər də savab yazılar. Peyğəmbərimizin səhabələri soruşdular: “Ey Rəsulallah! Bizlərdən heç birimizin, oruc tutanlara iftar verməyə gücü çatmır”. Peyğəmbərimiz (s) belə buyurdu: “Allah bu savabı bir xurma, yaxud bir qurtum su, ya da bir miqdar süd ilə iftar verənlərə də, verəcəkdir”.
Ramazanda hər birimiz dinimzə daha da bağlanırıq. Ətrafımızda olan insanların daha anlayışlı, daha sakit olmağı bizi çaşdırmır.
Könüllərin yumşaldığı, rəhmət pəncərələrinin açıldığı gecələr, günlər və anlar biri- birini izləyir.
Nemətlər, imkan hər zaman əlimizdə ola bilər. Amma Ramazan başqa bir fürsətdir. Quran və orucla gələn bərəkət, şükür duyğusunu da artırır. Bir quru çörəklə bir içim suyun qiymətini bu isti günlərdə daha yaxşı dərk edirik. “Rəbbim, rəhmətindən göndərdiyin su nemətinə hədsiz şükürlər olsun” – deyir, əslində şükürdə nə qədər geri qaldığımızı dərk edirik.
Bu ayda yeni şeylər öyrənirik. Öyrəndiklərimizin mənalarını daha yaxşı qavrayırıq. Zehnimizdə, qəlbimizdə yeni-yeni fərqli pəncərələr açılır. Qurani-Kərimlə daha çox həmhal oluruq.
Bizə əyrini və doğrunu ancaq Rəbbimiz göstərə bilər. Allah – Təala belə buyurur: “Ramazan ayı insanlara yol göstərən, doğrunun və doğrunu əyridən ayırmağın açıq dəlilləri olaraq Quranın endirildiyi aydır…” (Bəqərə surəsi, ayə 185) Möminlərə fəzilət və bərəkət qazandıran Ramazan ayında nəfsani arzular deyil, insani dəyərlər önə çıxmalı, günümüz, gecəmiz Quranla keçməlidir.
İnsan nəfsini tərbiyə edən ən böyük imtahan aclıqdır. Bir mömin ac qalmaq üçün deyil, ruhundakı lətif və başqa gözəllikləri bəsləmək üçün ac qalır. Maddi və mənəvi saysız gözəlliklərin yaşandığı və mükafatların hədsiz olaraq verildiyi bu mənəvi mühiti çox yaxşı dəyərləndirməliyik. Özümüzə dönərək, qəflət və cəhalət içində keçən günlərimizi hesaba çəkməli, xəta və günahlardan təmizlənmək istəyimizi artıraraq özümüzü imtahana çəkməliyik.
Rəhmət və məğfirətə hər zaman ehtiyacımız var. Əvvəlki Ramazanda nə qədər çox ibadət etməyə səy göstərirdiksə, bu il daha artıq ibadətə cəhd və səy etməliyik.
Ramazanda edilən xeyirli işlərə və ibadətlərə qat-qat artıq savab verildiyi üçün adi günlər kimi keçirməməliyik. Bu ayda daha çox zikr, şükür, ibadət, xeyir və saleh əməllərlə məşğul olmağa çalışmalıyıq.
Sağlamlıq və xoşbəxtliyin sadəcə mədə doldurmaq olmadığını öyrədən, ruhu yüksəldən, sevinc və ümidlə qarşılanan Ramazan ayının içindəyik. Ramazan, cismə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır. Dəyəri getdikcə daha yaxşı aydın olan oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır. Həyatın içində başqa bir həyat yaşadan, mələkləri insanlara qibtə etdirən, qəzəblənməyin qarşısını alan müqəddəs gün və gecələrdir.
Oruc tuta bilənlər üçün mühüm bir fürsət və rəhmətə çatmağın yolu bu aydadır.
Allaha ibadətin mənasını bütün dərinliyi ilə öyrədən və duyğuları ucaldan Ramazan, hər evə əlahiddə bir sevinc gətirir.
Kasıbın, darda qalanın, qəribin həsrətlə gözlədiyi yardım etmə, xeyir bərəkət mövsümü olan Ramazan ayının içindəyik. Günün erkən çağlarında nura doğru gedən, ümidlə coşan, birlik göstərən, bərabərliyə aparan İlahi günlər yaşayırıq.
Hər birimiz üçün Ramazan xeyirli olsun, inşallah. On bir ayın sultanı Ramazan ayınız mübarək olsun!
İsmayıl İsmayılzadə
İstinad Mənbəyi: Qafqaz Müsəlmanları İdarəsi
Bu kontentin portalımızda yayınladığı tarix : 27/07/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒