Home » İslam, Ümumi » Ramazan ayı ilə bağlı Həzrət Peyğəmbərimizin (s) xütbəsi

Ramazan ayı ilə bağlı Həzrət Peyğəmbərimizin (s) xütbəsi

Mübarək Ramazan ayının başlaması ilə bağlı İslam Peyğəmbərinin (s) müsəlmanlara buyurduğu xütbəsi indiki dövrümüzdə islamın gerçək dəyərlərini yaşatmaq üçün mühüm əhəmiyyət kəsb edir. Həzrət Məhəmmədin (s) buyurduqları bu mübarək günlərdə ilahi süfrənin qonaqlığında olanların aldığı feyzi, Ramazan ayının hikməti, bir sözlə müsəlmanın həqiqi həyat tərzi üçün necə yaşamağın qaydalarını açıqlayır. Bu mübarək günlərdə Pəyəmbərimizin (s) xütbəsini dərc etməklə oxucularımızı orucluğun mənəvi dəyərlərini bir daha xatırlatmaq istədik. Allah-Təala bu ayın feyzindən bütün oruc tutan müsəlmanları məhrum etməsin! Bu ayda edilən ibadət və dualar Allah dərgahında qəbula yetsin! Amin!

Həzrət Əli (ə) buyurur: Məhəmməd Peyğəmbər (s) şaban ayının son günlərinin birində Ramazan ayının gəlişi münasibətilə bu xutbəni buyurdu:
“Ey camaat! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə doğru gəlməkdədir. Bu ay Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və ləhzələri ən üstün saaatlar və anlardır.
Bu ayda siz Allahın qonaqlığına dəvət olunaraq, Allahın lütf və mərhəmətinə layiq görülmüşsünüz. Bu ayda sizin nəfəsləriniz zikr, yatmağınız isə ibadətdir. Pak əməlləriniz və dualarınız Allah dərgahında qəbul olacaqdır.
Belə olan halda xalis niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağın və Quran oxumağın müyəssər olması üçün kömək etməsini diləyin. Çünki doğrudan da, bu əzəmətli ayda İlahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir.
Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada salın.
Aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun! Böyüklərinizə hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin. Yaxınlarınıza baş çəkin və onlara yardım edin. Dilinizi pisliklərdən qoruyun. Gözlərinizi haram baxışlardan saxlayın. Qulaqlarınıza haram eşitdirməyin. Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban olsunlar. Günahlarınızın bağışlanması üçün Allah dərgahına üz tutub, tövbə edin. Hər namaz vaxti əllərinizi Onun qarşısında aciz qul kimi açaraq, dua edin. Çünki, (namaz vaxtı duaların qəbul olunması üçün) vaxtların ən yaxşısıdır. Allah-Təala bu vaxt öz bəndələrinə rəhmət və mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər, çağırışlarına cavab verər, dualarını qəbul edər.
Ey camaat! Nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan bağışlanmağınızı istəməklə onları azad edin. Belləriniz günahlarınızın ağırlığı ilə əyilmişdir. Uzun səcdələrlə onların ağırlığını azaldın. Bilin ki, Uca Yaradan namaz qılanları, səcdə edənləri əzaba düçar etməyəcəyinə və onları (namaz əhlini) Qiyamət günü insanların hesab verdiyi zaman Cəhənnəm əzabı ilə qorxutmayacağına söz vermişdir.
Ey camaat! Hər kəs bu ayda oruc tutan bir möminə iftar süfrəsi açarsa,Tanrı dərgahında bir qulu azad etmək qədər dəyəri, savabı vardır. Və bu iş onun keçmiş günahlarının bağışlanmasına səbəb olar.
(Bir nəfər soruşdu: “Ey Allahın Rəsulu (s)! Bizim hamimizın imkanı yoxdur ki, kimisə qonaq etsin. Nə edək?”)
Peyğəmbər (s) buyurdu: “Yarı xurma dənəsini sədəqə verməklə də olsa Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə də olsa Cəhənnəm odundan qurtulun.
Ey camaat! Hər kəs bu ayda öz əxlaqını, rəftarını gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an ona bu körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. Hər kim bu ayda öz qullarının (həmçinin işçilərinin) zəhmətini azalda, Allah-Təala Qiyamətdə onun işini asanlaşdırar.
Hər kim bu ayda insanlara zəhmət, əziyyət verməyi azalda, Allah o biri dünyada ona qarşı qəzəbini azaldar. Hər kəs bu ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu əzizləyəcəkdir. Hər kim bu ayda öz yaxınlarına baş çəkməyə gedə, Allah-Təala ona qiyamətdə rəhm edəcəkdir. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Qadir Allah o biri dünyada ona rəhm etməyəcəkdir. Kim bu ayda müstəhəb namaz qılarsa, Allah ona cəhənnəm odundan bəraət verər. Kim bu ayda vacib namaz qılarsa, başqa aylarda qılınan yetmiş namaza bərabərdir. Kim bu ayda mənə çox salavat göndərərsə, Allah qiyamət günü əməl tərəzisi yüngül gələndə, onu ağırlaşdırar. Hər kəs bu ayda Qurani-Kərimdən bir ayə oxuyarsa, o biri aylarda bütünlüklə oxunmuş Qurana bərabərdir.
Ey camaat! Bu ayda Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin Cəhənnəmin qapiları da bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapilarını sizin üzünüzə açmasın. Bu ayda şeytan zəncirlənmişdir. Allaha iltimas edin ki, onu sizə hakim etməsin…”

Bəxtiyar Nəcəfov

İstinad Mənbəyi: Qafqaz Müsəlmanları İdarəsi

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*