Home » Beynəlxalq, Siyasət, Ümumi » Rəcəb Teyyub Ərdoğan: Sarkisyan üzr istəməlidir!

Rəcəb Teyyub Ərdoğan: Sarkisyan üzr istəməlidir!

AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, iyulun 27-də Bakıda görüşən Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan birgə keçirdikləri mətbuat konfransında bir sıra məsələlərə münasibət bildiriblər.

İlham Əliyevin dedikləri:
– Bu gün biz regional məsələlərə də toxunduq, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar mən hörmətli baş nazirə Azərbaycanın mövqeyini bir daha ifadə etdim və danışıqların son durumu haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövləti çox minnətdardır. Bu həqiqətən də dostluq, qardaşlıq münasibətidir. Biz bunu çox yüksək qiymətləndiririk.
Bildiyiniz kimi, bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpağından didərgin düşüb və qaçqın-köçkün həyatı sürür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər azərbaycanlılara qarşı soyqırımı, genosid törədiblər. Xocalı genosidi törədiblər. Beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Məsələnin həlli üçün əsas beynəlxalq təşkilatlar öz mövqeyini bildiriblər. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi ədalətli qərar və qətnamələr bu məsələnin həlli üçün əsasdır.
Eyni zamanda bu gün biz bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi apardıq. Türkiyə-Azərbaycan əməkdaşlığının bu sahədəki perspektivləri haqqında danışdıq. Mən fürsətdən istifadə edərək bu yaxınlarda qanlı terror hadisələrində qardaşlarımızın həlak olması ilə əlaqədar bütün türk xalqına başsağlığı vermək istəyirəm. Biz PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyirik, bu məsələ ilə əlaqədar dəfələrlə öz mövqeyimizi bildirmişik. Bir daha demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə həmişə olduğu kimi, Türkiyə dövlətinin və xalqının yanındadır. Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz səylərini birləşdirsinlər. Bizim isə Türkiyə ilə bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də əməkdaşlığımız çox yüksək səviyyədədir.

Rəcəb Teyyub Ərdoğanın dedikləri:
– Dəyərli qardaşımla təkbətək görüşdə ikitərəfli əlaqələrimizi ətraflı nəzərdən keçirmək fürsətimiz oldu, regional məsələləri nəzərdən keçirmək imkanımız oldu. Xüsusilə, gündəliyimizin əsas maddələrindən biri olan enerji məsələlərini müzakirə etdik. Amma ən önəmlisi, təbii ki, Dağlıq Qarabağ mövzusunu təkrar müzakirə etmək fürsətimiz oldu. Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz – hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik.
Dəyərli qardaşımın xüsusilə son dönəmdəki şəhidlərimiz və PKK terror təşkilatı ilə bağlı söylədiyi fikirlərinə görə millətim adından təşəkkür edirəm. Bu, təbii ki, bizim qardaşlığımızın, birliyimizin ən gözəl ifadəsidir. Buna heç kim şübhə etməməlidir. Sadəcə bir ölkədə deyil, əslində, dünyada terror təşkilatlarına qarşı birgə mübarizə aparılmalıdır, birgə mübarizə platformasının formalaşdırılması lazımdır.
Son günlərdə Norveçdəki hadisəni görürük. Yəni bir nəfərin 93 nəfərin həyatına qəsd etməsini sadəcə dəlilik və ya adi bir hadisə kimi dəyərləndirmək yanlışdır. İllərlə islamofobiya deyə ortaya çıxanlar, buna əhəmiyyət verməyənlər hazırkı hadisələr qarşısında hələ də deyilməli olanları deyə bilmirlər. Məsələni nə qədər gizlədirlər gizlətsinlər, bu, onu göstərir ki, baş verənlər onların korazehinliyinin əvəzidir.

– Cənab baş nazir, Ermənistan prezidenti Serj Sərkisyanın “Dağlıq Qarabağı biz aldıq, yeni nəsil də Ağrı dağını ələ keçirsin” sözlərini necə qiymətləndirirsiniz?

Rəcəb Teyyub Ərdoğan: Bu, bir dövlət xadiminə və ya bir prezidentə yaraşan ifadə tərzi, yanaşma forması deyil. Gələcək nəsillərə kin və nifrət aşılamaq dövlət xadiminə yaraşmaz. Serj Sərkisyanın etdiyi bir təhrikdir, öz gəncliyinə kin və nifrət hissi aşılamağa səy göstərməkdir. Bununla Ermənistan gəncliyinin gələcəyi nə olacaq? Bu gedişlə qaranlıq olacaq, bu hadisələrə hər zaman qara eynəklə baxacaq. Bunu mütləq bilməlidirlər.
Hazırda Dağlıq Qarabağ ərazisi işğal edilib və işğalçılar məlumdur. Bunu yalnız biz demirik, bunu BMT də deyir. Bu, sübut olunub. Bu, həll edilməlidir. Bunun həllinə indiyə qədər mənfi yanaşma Ermənistan tərəfindədir. Azərbaycan hər zaman müsbət yanaşma ortaya qoyub. “Siz hazırda Dağlıq Qarabağı bizdən təhvil aldınız, biz ölüb gedəcəyik, Ağrını da siz alacaqsınız” – belə bir məntiq olarmı? Belə bir anlayış olarmı? Gəncliyə belə bir istiqamət, belə bir üfüq verilərmi?
Bu nə deməkdir? Ey gənclər, Ermənistan Türkiyə ilə bundan sonra istədiyi kimi, istədiyi şəkildə bir müharibəyə də girə bilər. Bunların hamısını rədd edirik. Belə bir dövlət xadimi, belə bir diplomatiya olmaz. Sərkisyan burada ciddi bir səhv edib. Tarixi bir səhvi birbaşa özü təsdiq edərək deyib. O, üzr istəməlidir, bu səhvindən dönməlidir.

İlham Əliyev: Mən əlavə etmək istəyirəm ki, əslində, Sərkisyandan başqa bir şey gözləmirdim. Çünki dəfələrlə onunla görüşmüşəm. Onun düşüncə tərzinə yaxşı bələdəm. Əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir. Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran içindədir – yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa, bu ölkə çökər. Belə olan halda, real əhalisi 1 milyon 800 min nəfər olan halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər.
Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcək.
Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə, heç olmasa, müqayisə etsinlər. Fillə qarışqanı müqayisə etmək olmaz.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*