Oruc tutmağın mənəvi faydaları
|
Nəfsani istəkləri cilovlamaq
Oruc tutmaq insana öz şəhvani və nəfsani istəklərini cilovlamağa kömək
edir. Nəticədə insan öz ağlını həris, azğın şeytani hisslərin zindanından azad edərək ruhunu hürriyyətə qovuşdurur. İmam Rza (ə) buyurur: “Oruc tutmaq şəhvət və ehtiras alovunu söndürər.
Allaha xatir oruc tutan şəxs orucunu batil edən şəhəvani əməllərdən uzaq
qalmaqla pis, xoşagəlməz işlərə arxa çevirərək qəlbini və əməllərini paklaşdırır. Bir sözlə, oruc insanı ilahi təqvaya doğru yönəldir.
Oruc tutmağın daha bir gözəlliyi nəfsi sındırmaq və şəhvətini idarə etməkdir. Çünki nəfs tox olanda təmənnalı olur, ac olanda isə artıq şeylərdən gözünü çəkir. Ona görə Peyğəmbər (s) cavanlara müraciət edərək buyurmuşdur: “Kimin evlənməyə imkanı varsa evlənsin. İmkanı olmayanlar oruc tutsunlar. Çünki oruc tutmaq onun dərmanıdır” (Buxari: 6106 № 5065. Müslim: 21018 № 1400.) Belə ki, oruc tutmaq günahlardan çəkinmək üçün bir vasitədir.
İnsani hissləri oyatmaq
Oruc tutmaq mənəvi hisslərin dirçələrək, inkişafına səbəb olur.
Uca Yaradanın razılığını əldə etmək istəyən və Rəbbin dərgahında orucunun ən ali şəkildə qəbul olunması üçün çalışan insan gözəl, bəyənilmiş işlərə əl atır. Belə ki, Ramazan ayında oruc tutmağın vacib buyurulması insanların aclıq və ehtiyacın nə olduğunu anlamaları üçündür. Bir ay oruc tutmaq hər kəsin, xüsusilə də, zəngin və
varlıların yoxsul insanların ehtiyaclarını və çətinliklərini dərk etmələrinə, onlara yardım əli uzatmalarına səbəb olur. İmam Rza(ə) buyurur: “Orucun insanlara vacib edilməsinin hikməti aclıq və susuzluğun nə olduğunu dərk etmələri xatirinədir”.
İnsanlara bağışlanmaları üçün fürsət vermək
Şübhəsiz rəhmət və mərhəmət ayı olan Ramazanda oruc tutmağın vacib
edilməsi insanların günahlarını bağışlatmaları üçün onlara bu mübarək ay ərzində verilən dəyərli bir fürsətdir. Şeytanın həbs edildiyi, saleh əməllərin düşünüldüyündən dəfələrlə üstün dəyərləndirildiyi və hətta mübah işlərin də, savab sayıldığı bu bərəkətli ay, hər bir möminin qurtuluş ayı ola bilər. Əlbəttə ki, şeytanı oruc tutan insanların pak əməlləri həbs edir. Peyğəmbərimiz (s) buyurur: “Oruc tutmaq şeytanın üzünü qara edər.”
Sözsüz ki, bu fürsətdən yalnız həqiqi oruc tutanlar faydalana bilər.
Allahın sevimli Rəsulu (s) hədislərin birində Cabirə buyurur: “Hər kəs oruc
tutub, gecənin bir hissəsini ibadət edə, qarnını, ehtirasını və dilini
günah işlərdən qoruya, bu aydan çıxdığı kimi bütün günahların
girdabından da bağışlanmış halda çıxar”.
Cabir deyir: “Necə də gözəl hədisdir?! ” Peyğəmbər(s) buyurur: “Ey Cabir! De ki, nə yaman çətin şərtlərdir. Çünki, nə çox gecə namazı qılan şəxslər var ki, (etdiyi başqa pis əməllərinə görə) ondan bəhrəsi yalnız elə oyaq qalmaqdır və nə çox oruc tutan şəxslər var ki, (etdiyi başqa pis əməllərinə səbəb ilə) ondan bəhrəsi
yalnız aclıq və susuzluqdur. Bilin, hər kəs Ramazan ayını oruc tuta, bu ayda
haramdan, böhtandan uzaq ola Allah ondan razı olar və behişti ona vacib
bilər”.
Qəlbə təskinlik vermək
Oruc tutmaq qəlbə təskinlik verir. Necə ki, Həzrət Əli (ə) buyurur: “Oruc
insanın qəlbini aramlaşdırmaq, sakitləşdirmək üçündür.” Məlumdur ki, oruc tutan insan, Allahın əmrinə görə oruc tutub, pis əməllərdən çəkindiyi üçün daim Onu yad edir, elə bu səbəbə də, aram, sakit qəlbə sahib olur. Qurani-Kərimin buyurduğu kimi: “Bilin ki, Allahı yada salmaqla, qəlblər rahatlıq tapar.” (Rəd surəsi, 28-ci ayə)
Təqvalı olmaq
Oruc, təqvalı olmaq (Allah rizasına, Onun buyurduğu qadağalardan, günahlardan çəkinmək və əmrləri yerinə yetirmək) üçün bir vasitədir. Allah-Təala buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)” (əl-Bəqərə: 183).
Alimlər deyirlər ki, ayədə deyilən: “çəkinəsiniz” – sözü vacib məna daşıyır. Yəni, əgər siz oruc tutsanız o zaman təqva sahibi olacaqsınız. Təqva isə bəndənin ən gözəl və ən əzəmətli qazancı sayılır.
Nemətlərə şükür etmək
Oruc, Allahın insana verdiyi nemətlərə şükür etməkdir. Bu zaman nəfs yemək, içmək və şəhvətdən imtina edir. İmtina edilən bu əməllər ən gözəl nemətlər sayılır. Onları bir müddət tərk edən adam onların qədir-qiymətini daha yaxşı bilir. Çünki nemətlərin qədrini onlar tükəndikdən sonra bilmək olur. Oruc isə insanı verilən nemətlərə şükür etməyə vadar edir. Nemətlərə şükür etmək ağıl və şəriət baxımından vacibdir. Allah-Təala oruc tutmaqla verilən nemətlərə şükür etməyə bu ayələrdə işarə etmişdir: “…Ona şükür edəsiniz” (əl-Bəqərə, 185).
İradəni gücləndirir
Oruc, insanın iradəsini gücləndirir, ona səbirli olmağı öyrədir və zehninin təmizlənməsinə kömək edir. Müsəlmanın güclü iradəyə böyük ehtiyacı vardır. O, Ramazan ayında şiddətli aclıq və susuzluğa səbir etməklə öz güclü iradəsini göstərir. Oruc olduğu halda belə iradə nümayiş etdirən şəxs, iftar etdikdən sonra da həmin iradəsini qorumaq üçün iradəsinə zidd olan əməllərdən çəkinər və beləliklə, onu mühafizə edər. Güclü iradəyə sahib olan şəxs çox asanlıqla pisə pis, yaxşıya yaxşı deyə bilir. Cəmiyyətin hər acısına davam gətirir. Beləliklə də cəmiyyətin fəal üzvlərindən biri olur.
Əxlaqı gözəlləşdirir
Oruc, insana gözəl əxlaq bəxş etdirir. Oruc tutmaq elə bir məktəbdir ki, oruc tutanlar orada ən gözəl əxlaq nümunələrinə yiyələnirlər. Həmin nümunələr: təqva, yaxşılıq, əliaçıqlıq, birlik, şəfqət, məhəbbət, səbir və s. bu kimi gözəl xasiyyətlərdir.
Oruc, oruc tutanlarda rəqabət hissi oyadır. Oruc tutmuş insan şəriətə zidd olan hərəkətlər etməmək üçün öz əməllərini ciddi nəzarət altında saxlayır. Oruc, insanı daxildən tənzimlədiyi üçün, o öz əməllərində şəriətə zidd olan hərəkətlərə yol vermir.
Heç ola bilərmi ki, oruc tutan Allah yanında sadiq, insanlar arasında isə yalançı olsun? Heç ola bilərmi ki, orucunu xalis Allah üçün tutsun, sonra cəmiyyət arasında ikiüzlülük göstərsin, xəyanət etsin, aldatsın və ya hiyləgər olsun? Ona görə oruc, ən gözəl əxlaq mənbəyi sayılır. Allah-Təala da Qurani-Kərimdə bu mənaya işarə edərək buyurmuşdur: “…(bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)” (əl-Bəqərə, 183)
Alimlərdən biri buyurur: “Orucun zahiri əzaları və daxili gücü onları məhv edəcək amillərdən qorumaqda çox böyük təsiri vardır. Oruc, ürək və digər əzaların sağlamlığını qoruyur. Ehtirasların ondan oğurladıqlarını geri qaytarır. Oruc, təqva üçün ən böyük dayaqdır”.
Cəmiyyət təbəqələrinin vəhdəti
Oruc, İslam ümmətinin: varlı ilə kasıbın, rəhbər ilə sıravisinin, böyük ilə kiçiyin, kişi ilə qadının birliyini nümayiş etdirən zahiri amillərdən biridir. Hamı oruc tutur, Allahdan günahlarının bağışlanmasını diləyir, eyni vaxtda hamı yemək içməkdən imtina edir və eyni vaxtda da iftar edirlər. Gün ərzində orucla əlaqədar bütün ibadətlərdə, o cümlədən aclıq və məhrumiyyətdə də hamı bərabər olur.
Oruc, oructutanlar arasında bir növ onların hədəflərini və istəklərini birləşdirir və onların arasında vəhdət yaradır. Bu həqiqi birlik böyük və sadiq birlikdən xəbər verir. O birlik, ölkəsindən, cinsindən və irqindən asılı olmayaraq bütün İslam ümmətinin birliyidir. Əgər bunun həqiqətini bilmək və görmək istəyirsənsə əl-Haram məscidində iftar zamanı yaranan mənzərəyə tamaşa et. Bu zaman minlərlə insanın bir saniyə ərzində iftar etdiyini görərsən. Bundan daha aydın birlik nə ola bilər?!
İmam Sadiq (ə) də, bu barədə buyurur: “Allah Ramazan ayında oruc tutmağı insanlara ona görə vacib etdi ki, varlı və kasıb bərabər olsun.”
Vüsal Cahangiri
İstinad Mənbəyi: Qafqaz Müsəlmanları İdarəsi
Bu kontentin portalımızda yayınladığı tarix : 27/07/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒