Gənc müəllimlərin şəraiti yaxşılaşdırılacaq
|
AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli, 279 nömrəli qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarında dəyişikliklər edilib.
Qərara əsasən, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 (bir yüz) manat məbləğində əlavə ödəniləcəkdir. Qeyd etmək lazımdır ki, dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi.
Beləliklə, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə veriləcək kompensasiya və əlavənin ümumi miqdarı 160 manat olacaqdır.
Məlumat üçün bildirək ki, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaqdır.
Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcəkdir.
Ötən dərs ilində Təhsil Nazirliyi tərəfindən bu məsələyə daha diqqətlə yanaşaraq kənd məktəblərində 2552 yerə həvəsləndirmə tədbirləri tətbiq olunub ki, bu da bütün vakant yerlərin 78 faizini təşkil edir.
Qərarda əhəmiyyətli yeniliklərdən biri də ondan ibarətdir ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əmək haqqına əlavə ödəniləcəkdir. Müddətin uzadılması gənc mütəxəssislərin işlədikləri kənddə məskunlaşmasının təmin olunmasına xidmət edir. Aparılan təhlillər göstərir ki, gənc mütəxəssislərin bir hissəsi 3 illik müddət ərzində məskunlaşma imkanları yarada bilmədiklərinə görə müddət bitdikdən sonra iş yerlərini tərk edirlər.
Təhsil Nazirliyi müəllimlərin fəaliyyətinin stimullaşdırılması, səriştəli və peşəkar müəllimlərin işə qəbul edilməsi, xüsusilə kənd məktəblərində pedaqoji kadrlara ehtiyacın tam aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməkdədir.
Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin 2013-cü il 27 dekabr tarixli qərarı ilə bütün tipdən olan ümumi təhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimum həddi 24 saatdan 36 saata qaldırılıb. Qərarın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər ölkənin ümumi təhsil müəssisələrində vakansiyaların azalmasına, müəllim-şagird nisbətinin optimallaşdırılmasına, müəllimlərin sosial rifahının daha da yaxşılaşdırılmasına müsbət təsir edib.
Hazırda müəllimlərin işə qəbulu sahəsində tətbiq edilən qaydalar şəffaflığı və obyektivliyi təmin etməklə yanaşı, ölkədə ən çevik qəbul mexanizmi hesab edilə bilər. Belə ki, İKT-nin və elektron xidmətlərin geniş tətbiqi vasitəsilə həyata keçirilən bu mexanizmin (elektron ərizə, elektron, imtahan, elektron yerləşdirmə, elektron məlumatlandırma) tətbiqi hər bir iştirakçıya imkan verir ki, imtahan nəticəsi ilə imtahan başa çatan kimi auditoriyadan çıxmamış tanış olsun. Həmçinin, nəticələr dərhal müəllimin “Şəxsi səhifəsi”nə göndərilir. Yəni müəllim imtahan verdiyi gün hansı məktəbə işə qəbul olunduğu və ya nə üçün müsabiqədən keçə bilməməsi barədə məlumatlandırılır.
Müəllimlərin işə qəbulu qaydalarının şəffaflığı və obyektivliyi təmin etməsinin nəticəsidir ki, cari ilin iyul ayında keçirilmiş müsabiqədə 18 min nəfərədək müəllimin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya verən olmayıb.
Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə aparılan sistemli işin, tətbiq edilən yeni mexanizm və stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, hazırda kənd məktəblərində pedaqoji kadrlara ehtiyac minimuma enib və son müsabiqədən sonra ölkə üzrə vakant müəllim yerlərinin sayı ümumi müəllim sayının 1 faizindən də aşağıdır. Halbuki, 7 il əvvəl ölkənin kənd məktəblərində 10 min müəllimə ehtiyac müəyyən edilmişdir. Hazırda ölkənin ümumi təhsil məktəblərində 143451 nəfər müəllim çalışır.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒