Home » Biznes sfera və iqtisadiyyat, Diaspora, Ümumi » Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi fəaliyyətə başladı

Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi fəaliyyətə başladı

AgahMedia.Com informasiya portalının İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, iyunun 28-də Türkiyədə Azərbaycanlı İş Adamları Birliyinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilmişdir.İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyinin üzvləri İstanbuldakı Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsinin önünə əklil qoymuş, xatirəsini böyük ehtiramla yad etmişlər.
Türkiyədə Azərbaycanlı İş Adamları Birliyinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə hər iki ölkənin rəsmi şəxslərlə yanaşı, sahibkarlar, iş adamları birliklərinin, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayev tədbir iştirakçılarını salamlayaraq ölkəmizin qazandığı uğurlar barədə geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, hazırda Azərbaycan bazar prinsiplərinə əsaslanan və davamlı inkişaf edən, qlobal böhran proseslərinin mənfi fəsadlarına qarşı yüksək dayanıqlı iqtisadiyyata malikdir, Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olmaqla, regionun lider dövlətidir. Nazir Şahin Mustafayev Türkiyədə Azərbaycanlı İş Adamları Birliyinin fəaliyyətə başlamasının Azərbaycanlı iş adamlarının qardaş ölkədəki fəaliyyətini daha da genişləndirəcəyini, əməkdaşlıq üçün yeni imkanlar açacağını vurğulamışdır. Bildirilmişdir ki, Türkiyədə fəaliyyətə başlayan bu birlik Azərbaycanın sürətlə artan iqtisadi qüdrətindən, ölkəmizdə güclü sahibkarlar sinfinin formalaşmasından xəbər verir. Bu uğurların təməlində isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində əldə olunmuş möhkəm siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafına güclü dövlət dəstəyi dayanır. Əldə edilmiş nailiyyətlər beynəlxalq təşkilatlar, reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir və müvafiq hesabatlarda ölkəmizin mövqeyi daha da möhkəmlənməklə yanaşı, reytinq səviyyəsi də yüksəlir. Nazir Şahin Mustafayev bildirmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkəmizin maliyyə imkanlarının artmasına və xarici ölkələrə sərmayə yatırmasına əlverişli şərait yaratmışdır. Bu gün Azərbaycan investisiya ixrac edən ölkəyə çevril­miş, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya Federasiyası, Ukrayna, Balkan regionu və digər ölkələrə irihəcmli investisiyalar qoymuşdur.
Azərbaycan şirkətlərinin xarici ölkələrdəki fəaliyyətində qardaş Türkiyənin xüsusi yeri var. Dövlət başçılarımızın səyləri və iradəsi nəticəsində Azərbaycanla Türkiyə arasında siyasi və iqtisadi əlaqələr inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş və bu gün tam əminliklə demək olar ki, Azərbaycan-Türkiyə əməkdaşlığı dünyada bir örnəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu əməkdaşlığın gözəl nümunələridir. Bu günlərdə TransAnadolu təbii qaz boru xətti layihəsi (TANAP layihəsi) üzrə imzalanmış sazişlər əməkdaşlığımızın inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu strateji layihənin bir özəlliyi də ondan ibarətdir ki, burada SOCAR-la BOTAŞ-ın timsalında ancaq Azərbaycan və Türkiyə iştirak edirlər. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TANAP layihəsini Azərbaycan və Türkiyə arasında birliyin, əməkdaşlığın və qardaşlığın təzahürü kimi qiymətləndirmişdir.

Nazir Şahin Mustafayev dünyanın 12-ci, Avropanın isə 7-ci böyük iqtisadiyyatına sahib olan Türkiyənin iqtisadi uğurlarının və 2023-cü ildəki hədəflərinin qardaş ölkə kimi Azərbaycanı sevindirdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanın və Türkiyənin uğurları, iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq, həyata keçirilən transmilli layihələr iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərir. Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə 1000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. ABŞ dolları, SOCAR və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. ABŞ dolları təşkil edir, 2018-ci ilədək təkcə SOCAR-ın Türkiyədə investisiyaları 17 mlrd. ABŞ dolları təşkil edəcəkdir.
Azərbaycan şirkətlərinin Türkiyədə biznes fəaliyyəti ilə yanaşı, sosial layihələrdə də iştirak etdiyini vurğulayan nazir Şahin Mustafayev Qarsda SOCAR tərəfindən inşa olunan və Ulu Öndər Heydər Əliyevin adını daşıyan texniki-peşə litseyinin buna gözəl nümunə olduğunu qeyd etmişdir.
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin rəhbəri Seymur Ağayev çıxışında Birliyin yaradılmasının məqsədi, vəzifə və funksiyaları barədə məlumat vermiş, qurumun Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının fəaliyyətinin əlaqələndirilməsində, yeni investisiyaların təşviqində əhəmiyyətli olacağını vurğulamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Türkiyənin İqtisadiyyat nazirinin müavini Ahmet Yakıcı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev çıxışlarında Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin səmərəli fəaliyyəti qardaş ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsində yeni imkanlar yaradacağını qeyd etmişlər.
Sonra Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi ilə bir sıra təşkilatlar -Azərbaycan Türkiyə İş Adamları Birliyi, Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*