Home » Sosial, Texno, Təhsil sektoru, Ümumi » Təhsil Nazirliyi yeni elektron resursların təqdimatını keçirdi

Təhsil Nazirliyi yeni elektron resursların təqdimatını keçirdi

Dekabrın 15-də Təhsil Nazirliyinin elektron resurslarının təqdimatı keçirilib. AgahMedia.Com informasiya portalının  Təhsil Nazirliyindən aldığı məlumata görə, təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin üzvləri, müvafiq dövlət qurumlarının rəsmiləri, elektron təhsil resursları ilə məşğul olan ekspertlər, məktəb direktorları və fənn müəllimləri iştirak ediblər.

 

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, informasiya texnologiyalarının yüksək inkişaf tempi və qloballaşma fonunda təhsilin informasiyalaşdırılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas məqsədlərdən biridir. Təhsil Nazirliyinin şəbəkə əsaslı təhsilin coğrafiyasını daha da genişləndirəcəyini qeyd edən nazir müxtəlif növ elektron təhsil resurslarının hazırlanması istiqamətində müvafiq layihələrin həyata keçirildiyini söyləyib.

 

Təhsil naziri bu gün ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində uğurla icra olunan müasirləşmə siyasətinin təməlində ölkə Prezidentinin irəli sürdüyü aşağıdakı konsepsiyanın durduğunu vurğulayıb: “Ölkəmizi müasirləşdirməliyik, zənginləşdirməliyik. Çünki müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirsək, görərik ki, burada tərəqqini müəyyən edən neft-qaz yox, məhz bilik, texnologiyalar, təhsildir. Ölkəmizin hərtərəfli və sürətli inkişafını təmin etmək üçün biz sərmayəni ilk növbədə təhsilə, biliyə, gənclərimizin maarifləndirilməsinə yönəltməliyik”.

 

Elektron resursların böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək ənənəvi öyrənmə formalarını zənginləşdirdiyini deyən nazir bildirib ki, qeyd olunan resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu tipli təhsil resurslarına çıxış əldə edə bilər. Nazir qeyd edib ki, Təhsil Nazirliyinin ötən ildən dərsliklər üzərində müəlliflik hüququnu əldə etməsi elektron resursların yaradılması işinə böyük təkan verib: “Müəlliflik hüququ bizə imkan verir ki, dərslikləri tam açıq şəkildə internetə yerləşdirək və hər bir istifadəçiyə pulsuz olaraq təqdim edək” .

 

Milli Məclisin üzvü Bəxtiyar Əliyev elektron tədris resurslarının yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Millət vəkili yeni resursların ölkədə təhsilin müasir standartlara uyğunlaşdırılması işinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini vurğulayıb.

 

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev elektron resursları təqdim edib.
Böyük istifadəçi kütləsini əhatə edən www.e-derslik.edu.az portalında II, III, VI və VII siniflər üzrə dərsliklər yerləşdirilib. Bu günə qədər 25 000-dən artıq istifadəçi portalda qeydiyyatdan keçərək elektron dərsliklərdən istifadə edir. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etməyə, onların öyrənmə prosesini fərdiləşdirməyə şərait yaradır. Elektron dərslikləri kompüter, planşet və ya mobil telefon üzərindən onlayn və oflayn formatlarda istifadə etmək mümkündür. Bu resurslar dərslərdə müəllimlər tərəfindən də istifadə oluna bilər.

 

Mərasimdə təqdimatı keçirilən digər bir elektron resurs www.e-test.edu.az müsabiqə portalı olub. Bu portal riyaziyyat və oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək istəyən, həmyaşıdları ilə bilik yarışması keçirmək arzusunda olan məktəblilər üçün böyük maraq doğurub. Portalda riyaziyyat və Azərbaycan dili fənləri üzrə IV, V, VI, VII, VIII və IX sinifləri əhatə edən 30 000-ə yaxın sual yerləşdirilib.

 

Növbəti elektron resurs www.video.edu.az videodərslərdən ibarətdir. Tədris prosesini daha yaradıcı edən və şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslər fizika, kimya, ədəbiyyat, Azərbaycan dili, həyat bilgisi, biologiya üzrə məktəb proqramını və ibtidai siniflərin seçilmiş mövzularını əhatə edir. Portala 100-ə qədər videodərs yüklənib.
Digər bir yeni resurs “Elektron tapşırıqlar”dır. Burada dərsliklərə uyğun tərtib olunmuş interaktiv suallar və test tapşırıqları yerləşdirilib. Elektron tapşırıqlar əsasında onlayn formada şagirdlərin biliklərini qiymətləndirmək, nəticələrin monitorinqi aparmaq və müvafiq reytinqlər hazırlamaq mümkündür.

 

Təhsil Nazirliyinin mütəxəssisləri tədbir iştirakçılarına “Xarici elektron resurslar”ı da təqdim ediblər. Bildirilib ki, müxtəlif xarici şirkətlərın hazırladığı resurslar Azərbaycan dilinə tərcümə edilib və “Xarici elektron resurslar”da toplanıb. Resurslar fizika, kimya, biologiya və riyaziyyat fənlərini əhatə edir. Hazırda portalda 30 xarici elektron resurs mövcuddur.
Məktəblilərin bilik və bacarıqlarını artıran vasitələrindən biri də məqsədyönlü hazırlanmış elektron oyunlardır. Şagirdlərin fərdi və ya qrup şəklində əyləncəli formada biliklərinin artırılması üçün tarix və coğrafiya fənləri üzrə 50 oyun hazırlanıb. Tarix fənni üzrə hazırlanmış oyunlar Azıx mağarası, daş, tunc, dəmir dövrləri, eləcə də XIV – XVI əsrə aid döyüşləri, Səfəvilər dövləti kimi mövzuları, coğrafiya fənni üzrə hazırlanmış oyunlar Azərbaycan çaylarını, dağları, gölləri və digər mövzuları əhatə edir.

 

Təhsil Nazirliyinin hazırladığı daha bir elektron resurs – www.e-telim.edu.az müəllimlərin və idarəedicilərin təkmilləşdirilməsi ilə bağlıdır. Portalda peşəkar təlimçilərin iştirakı ilə hazırlanmış video dərslər yerləşdirilib. Dərsləri izləməklə yanaşı, istifadəçilər elektron qaydada müzakirələr aparmaq, fikirlərini bölüşmək, suallar vermək və şərhlər yazmaq imkanı əldə edirlər.

 

Təhsildə innovativ yanaşmaları genişləndirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən elektron sinif portalı – www.e-sinif.edu.az yaradılıb. Portal hər bir vətəndaşa geniş öyrənmə imkanları verir. Müəllim kimi qeydiyyatdan keçənlər virtual dərslər yaratmaq imkanı əldə edir, ayrı-ayrı video, audio, təqdimat və mətn formatında olan resursları bölüşür, imtahanlar keçirir, öyrənənlərlə müzakirələr aparır və onların biliklərini qiymətləndirirlər. Şagird kimi qeydiyyatdan keçənlər isə müxtəlif elektron siniflərə daxil olmaqla dərslərdə iştirak edir, məhdudiyyətsiz öyrənmə imkanları qazanırlar.

 

Tədbirdə bildirilib ki, Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələ təhsilin keyfiyyətinin yüksəldilməsi, modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Müasir texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların təhsildə uğurlu tətbiqi Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi işlərin bir hissəsidir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*