Home » İslam, Ümumi » Özünəqəsd-Allaha qarşı üsyan

Özünəqəsd-Allaha qarşı üsyan

Allahın verdiyi ömür – can hər bir kəsə şirindir və ölüm haqq olsa da, heç kəs “vaxtsız” ölmək, yəni əcəli heç vəchlə yaxına “buraxmaq” istəmir.

Həyatın şirinliyi də məhz elə bundadır; bir gün öləcəyini bilsən də, sanki ölməyəcəyini “yəqinləşdirərək” ömür sürürsən. Bu, təbii ki, Yaradanın insanlara bəxş etdiyi qeyri-adi bir hissdir. Dünyaya pünhan gəlib pünhan getmək mümkün olmadığından hərə ona verilən ömür “payı”nı yaşamağa sadəcə “məhkumdur”. Lakin Allahın ömür adlı əmanətinə xəyanətdə bulunmaq, yəni ona qəsd etmək İslam dini baxımından böyük günahlardan sayılır. Şəriət hökmlərinə görə, özünə qəsd etmişlərə hətta yas tutub ehsan vermək, Quran surələri oxumaq da haramdır. Çünki canı verən Allah olduğundan kimsənin belə bir cəsarətdə bulunması mütləq olaraq yolverilməz sayılır.
Ömür nə qədər keşməkeşli, məşəqətli olsa da, onu sonadək yaşamaq insanın üzərinə düşən mühüm vəzifələrdən biridir. Lakin bəzən insan özünə (cana) qəsd etməklə ən böyük nemət canı – ilahi əmanəti eqoistcəsinə Allahın özünə “qaytarır”, yəni verilmiş “pay”dan imtina edir. Və bununla da özünü Allahın rəhmətindən məhrum etməklə yanaşı, həm də axirətini yandırmış olur. Daha dəqiq ifadə etsək, cənnət qapılarını həmişəlik olaraq üzünə qapayır.
Bütün səmavi kitablarda xüsusi olaraq vurğulanır ki, cana qəsd etməyə heç bir bəndənin haqqı çatmır. Can almaq yalnız Allahın işidir və Yaradanın işinə “müdaxilə” etmək (özünəqəsd) təbii ki, heç bir halda təqdir oluna bilməz. Amma bütün bunları bilə-bilə bir çox insanlar özlərinə qəsd etməklə həyatlarına son verir və beləliklə də ruhunu əbədi əziyyətə qatlaşdırırlar.
Dini qaynaqlarda göstərilir ki, özünə qəsd etmişlərin ruhu ərşi-əlada (ruhlar aləmində) rahatlıq tapmadığından kabus kimi sərkərdan dolanır. Həmin narahat ruhları nə yer, nə də göy qəbul etmədiyindən (onlar) Qiyamətədək “məkansız” qalırlar.
Qurani-Kərimdə bütün açıq və gizli mətləblər insanlara anladılır. Bizlərə çox sadə bir dildə izah edilir ki, buyruqlardan “kənara” çıxmaq yolverilməzdir. Müqəddəs kitab yalnız Allah yolundakı ölümü (daha doğrusu, öldürülməyi) şərəfli hesab edir və bunu təqdiredici hal kimi dəyərləndirir: “Allah yolunda öldürülənlərə ölü deməyin, onlar diridirlər, lakin siz onu dərk etmirsiniz”. (Bəqərə, 154).
Allah yolunda öldürülmək dedikdə ilk növbədə ədalətli müharibə meydanında (torpağına edilmiş təcavüzə qarşı ayağa qalxdığın zaman), Peyğəmbərin (s), imamların (ə-lar) və həmçinin onların xüsusi naiblərinin önündə şəhid olmaq nəzərdə tutulur. Bu hökm eyni zamanda İslamın təbliğ edilməsi yolunda şəhid olanlara da şamildir. Yuxarıdakı ayənin “Bədr” müharibəsinin şəhidləri ilə bağlı nazil olmasına baxmayaraq, təkcə onlara məxsus deyildir və həmçinin Allah yolunda öldürülən bütün insanlara, o cümlədən məsum imamlar, onların səhabələri, naibləri, alimlər, təqvalılar və habelə doğma Qarabağımızın azadlığı uğrunda canlarından keçən insanlara da aiddir. Demək, fiziki ölümlə heç də hər şey sona yetmir, özünə qəsd etməklə əzablardan qurtulacağını düşünənlər sadəcə yanılırlar. Və dərk etmək istəmirlər ki, əsil həyat öndə – axirətdədir. Quran bizlərə anladır ki, ruhun bədənlə olan əlaqəsi kəsildikdən sonra da diri qalır və məhz insanlar Qiyamət zamanı dirilərkən yenidən onunla (ruhla) rabitə yaradacaqdır. İslama görə özünəqəsdin qarşısına sədd çəkə biləcək yeganə qüvvə qəlb rahatlığıdır. Şübhəsiz ki, qəlb rahat olarsa, həyat gözəl və mənalı keçər. Qəlb rahatlığı isə Allaha tükənməz iman və mərifət sayəsində mümkünləşir ki, bu zaman insan rahat, asudə, həm də həyatdan zövq ala-ala yaşayır. Dünyanın kədərləri, xoşagəlməz hadisə və iztirablar onu əsla narahat etmir, çünki o, elə bir Allaha etiqad edir ki, Ondan xeyir və gözəllikdən başqa heç bir şey baş vermir.
Bütün bu deyilənləri ümümiləşdirsək belə bir qənaət hasil olar ki, insan ona verilmiş həyatı gözəlləşdirib yaşamağa və həyatdan zövq almağa qadirdir və bu şansı əldən qaçırmağa heç bir halda haqqı yoxdur. Çünki dünya həyatı hər kəsə bir dəfə verilir. Dünyaya gəlirik ki, burada axirət dünyamız üçün tədarük görək, yəni, gərək olan “yükü” bağlaya bilək. Onsuz da hərə öz “yükünü” daşıyacaq…

İstinad Mənbəyi:  Qafqaz Müsəlmanları Ruhani İdarəsi

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*