Məlum Qadına

Nəriman Həsənzadə, Azərbaycanın Xalq Şairi

Kimsə söz gəzdirib, böhtan yayıbdı,
Hissimi, duyğumu o qələt bilib.
Mən desəm onları, mənə ayıbdı,
O, deyib,
özünə ləyaqət bilib.

Ağla gəlməyəni gətirib dilə,
O, qoca yanında, cavan yanında.
Etibar qazanıb asan yol ilə,
dostun yanında yox,
düşmən yanında.

Siz də susmusunuz heç nahaq yerə,
inanan kəsləri o, aldadıbdı.
Cəhənnəm olsun o.
Gör nəyə görə
nəğməm ürəyimdə yasa batıbdı.

Hələ bu bir yana,
məndən xəlvəti
Hardasa bir məqam tapmısınız siz.
Mən məqam söylədim, siz bu qeybeti,
barı qadınımdan gizlədəydiniz.

Axı, sizin kimi qadınındır o da,
qəlbi var, hissi var axı, onun da.
Qadın qürurunu belə sındırmaq,
sizə xoş olubdu yəqin, düz deyin.
Ərin qeybətini qadına qırmaq,
xəyanət deyilmi, özünüz deyin.

Əvvəlki həvəsi gördüm ki, sönüb,
gözündə tufan var, səsində ovsun.
Sizinlə yaxınlıq, tərsinə dönüb,
mənimlə az qaldı ayrılıq olsun.

Gizlədi qəlbində o bu sirri də,
nə dindi, nə acı söz atdı mənə.
Amma dediyiniz qeybətləri də,
o biri baxış ilə anlatdı mənə.

Ürəkdə qəm qaldı ağrıdan betər,
sizin “nəvazişkar” qeybətinizdən.
Ər – arvad gizlədik hələ bir qədər,
sizin dediyiniz sözləri, sizdən.

Gözümdə gəzdirdim mən bu kədəri,
nə susmaq olurdu, nə də ki, dinmək.
Xeyli ağır oldu bizdən ötəri,
ürəkdə göynəyib üzdəsə gülmək

Sizsə, necə deyər, danışırdınız,
gülər üzünüzə başqa bir maraq.
Mənim taleyimə qarışırdınız,
məni nəzakətlə qarşılayaraq.

Bir səs qulağıma görün nə deyir,
çox da tutulmayın siz bu misaldan.
İblisi iblislər içində deyil,
insanlar içində kəşf edib insan.

Asan çatmamışam mən bu yaşıma,
yenə taleyimə minnətdaram mən.
Hardasa iblislər çıxıb qarşıma,
hardasa, insanlar tutub əlimdən.

Gedin yenə deyin, tapılar bir kəs,
deyin ki, qadınla gəzir filankəs.
Bəzi nakişilər sizi dinləyir,
bir şeyi çatdırım nəzərinizə:
dünyada ikimiz qalsaydıq əgər,
mən kişi gözüylə baxmazdım sizə.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*