Home » İslam, Ümumi » İslam rüşvətə qarşı

İslam rüşvətə qarşı

İnsan gərəkdi ki, halal zəhmətlə dolana. Özgəsinin malına göz dikməyə, bir sözlə, haram yeməkdən özünü bütün mənalarda qoruya bilə. Haram tikə insanı başqalarının yanında gözükölgəli edir, onu rəzil və miskin vəziyyətə salır.
Rüşvət alaraq xoş güzəran yaratmaq, mal-mülk sahibi olmaq mümkündür – təbii ki, müəyyən bir dövr ərzində. Amma haram yolla qazanılanlar bir gün gec və ya bir gün tez, mütləq (hansı yollarlasa) əlindən çıxacaq, bəlkə daha artıq ziyana düşəcəkdir. Çünki dünya vahid bir nizam əsasında idarə olunur və hər bir (yaxşı və ya pis) əməlimiz ilahi dərgahda yazılır. Bəzən deyirlər ki, rüşvəti alandan və onu verəndən başqa heç kəs bundan xəbər tutmur. Nəzəri baxımdan bu, bəlkə də belədir. Amma bunun bilmək gərəkən incə tərəfləri də vardır. O da bundan ibarətdir ki, Allah-Təala bizim bütün aşkar və gizlinlərimizdən xəbərdardır. (Bu hal Qurani-Kərimdə dönə-dönə vurğulanır). Ona görə də Allahı unudub haqsızlıq edəndə, Ulu Yaradanın Özü bizi əsla “unutmur”. Daha doğrusu, hərənin öz “qazancını” özünə qaytarır. Çünki dünya dairəvidir. Yəni nə ediriksə – istər yaxşı olsun, istərsə də pis – yalnız özümüzə etmiş oluruq.
Biz bir həqiqəti də unutmamalıyıq ki, başımıza gələn bütün bəlaların kökündə əsasən halal-haramı unutmağımız dayanır. Halal-haram unudulan yerdə xeyir-bərəkət də olmaz. Xeyir-bərəkətin olmadığı yerdə isə böyük-kiçiklik, ədəb-ərkan, bir qədər yumşaq desək, insani münasibətlər tamamilə itib aradan gedər. Belə olduğu halda insanlar Yaradanın mərhəmətindən özlərini sanki təcrid etmiş olurlar. Məhs rüşvətxorluğun bəlasıdır ki, bu gün əksər təhsil müəssisələrində əsas meyar bilik deyil, daha çox “iqtisadi münasibətlər” rol oynayır. Halbuki, bir vaxtlar müəllimlər elm, bilik, ucalıq rəmzi sayılırdı. Cəmiyyətdə ən yüksək hörmət və ehtiram da məhz müəllimlərə göstərilirdi. 25-30 il bundan əvvəllərə qədər məktəblilərə elə gələrdi ki, müəllimlər hətta çörək belə yemir, çay içmir və s. Bu, hər şeydən əvvəl ondan qaynaqlanırdı ki, müəllimlərin əsas diqqəti elmin, biliyin sirlərini öyrənmək olduğundan onlara sanki müqəddəs varlıq kimi baxırdılar. Lakin bu gün vəziyyət bir ayrı cürdür. Əgər müəllim gözünü şagirdinin (tələbəsinin) əlinə dikirsə, ailəsini dolandırmaq üçün təhsildə “pullu xidmət” sisteminə üstünlük verirsə, o zaman şagird və tələbələrinin yanında söz sahibi ola bilməyəcək – özünə və sözünə hörmət qoyulmayacaq. Belədə heç şübhəsiz ki, həmin cəmiyyətdə cəhalət, qabalıq və nadanlıq hökm sürəcək, həm də şərəfli müəllim adına sayğı göstərilməyəcək. Bunları müqəddəs peşə sahibləri olan müəllimləri ayağına yazmaq da düzgün olmaz. Bu, hər şeydən əvvəl cəmiyyətdə gedən anormal inkişaf prosesinin təzahürü kimi səciyyələndirilməlidir…
Bu gün müxtəlif üsullarla harınlamış hansısa təbəqə başqalarının haqqına göz dikməklə, yəni onlardan rüşvət almaqla Allahın buyruqlarına, Peyğəmbərimizin (s) göstərişlərinə etinasız yanaşır, həm yaşadığı həyatını zəhərləyir, həm də axirətini əldən vermiş olur. Bir məqamı da vurğulamaq istərdik ki, rüşvətə təhriketmə, yəni hansısa bir işi “həll” etmək üçün rüşvətvermə əməliyyatı rüşvətxorluğun geniş miqyas almasında müstəsna rol oynayır. Peyğəmbərimiz (s) bu xüsusda buyurur: “Allah rüşvət verənə, rüşvət alana və onların arasında vasitəçilik edənə lənət etsin!” Maraqlıdır, Peyğəmbərimiz (s) bu hədisində ilkin olaraq rüşvət verəni, ondan sonra isə rüşvət alanı lənətləyir. Yəni buradan bir daha aydın olur ki, rüşvəti verən şəxsin günahı (rüşvəti) alan şəxsin günahından heç də geri qalmır.
Rüşvət elə bir bəladır ki, hələ qədim zamanlardan mövcud olmuş və müasir dövrdə (cəmiyyətdə) daha geniş miqyas almışdır. Bəlkə də elə o səbəbdəndir ki, rüşvətxorluq cəmiyyətdə ədalətin bərpası yolunda ən böyük maneələrdən sayılır. Hər hansı bir cəmiyyətdə mövcud qanunlar zəif təbəqələrin mənafeyinə xidmət edib, zülm və zorakılıq etmək istəyənlərin “manevr imkanlarını” məhdudlaşdırmalı olduğu halda, rüşvətin yayılması bu qanunların zülmkarlara xidmət etməsinə səbəb olar. –ünki zülm və zorakılıq edənlər həmişə öz maddi və fiziki qüdrətləri ilə şəxsi mənafeyini müdafiə edə bilir. Zülm altında inləyən şəxslərin mənafe və hüquqları isə qanun müstəvisində qorunmalıdır. Aydındır ki, əgər cəmiyyətdə rüşvətxorluq yayılarsa, qanunlar tamamilə əks nəticə verəcəkdir. Belə ki, imkanlı şəxslər həmişə rüşvət verməyə qadir olduğundan, qanun zəif şəxslərə zülm edilməsi və hüquqlarının tapdanması üçün onların əlində bir vasitə olacaqdır. Buna görə də aqillər söyləmişlər ki, rüşvətxorluğun yayıldığı hər hansı bir cəmiyyəti bədbəxtlik bürüyər, zülm, fitnə-fəsad, haqsızlıq, ayrı-seçkilik yayılar və ədalətin adından savayı heç nə qalmaz.
Qurani-Kərimdə buyurulur: “…Bir-birinizin mal-dövlətini (və nahaq yerə) öz aranızda yeməyin. Və camaatın mal-dövlətinin bir qismini (bu işin böyük günah olduğunu) bildiyiniz halda, günahkarcasına yemək üçün (onun bir hissəsini rüşvət kimi) qazilərə verməyin”. (Bəqərə, 188).
Bu ayə müsəlmanları son dərəcə yaramaz bir işdən çəkindirərək onlara bir-birinin malını nahaq yerə ələ keçirməməyi, qanunsuz yollarla var-dövlət toplamamağı tövsiyə edir.
Mümkündür ki, bir şəxs başqasının mal-dövlətini haqsız olaraq ələ keçirməyə müvəffəq olsun və bu iş məhkəmə ilə nəticələnsin. Burada həmin (haqsız olan) şəxs haqsızlığını qanuniləşdirmək üçün rüşvət adıyla hakimə nə isə hədiyyə edə bilər. Amma unudulmamalıdır ki, belə olan halda həmin şəxs iki böyük günaha sahib olur: başqasının haqqını yemək və rüşvət vermək.
Rüşvət İslam dinində olduqca çirkin bir iş sayılaraq qətiyyətlə pislənilir. İmam Sadiq (ə) bu haqda buyurur: “Məhkəmədə hökm və ya qərar çıxaran zaman rüşvət alan şəxs Allaha qarşı kafirdir”.
Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Qarşılıqlı razılıq əsasında olan ticarətdən əldə etdikləriniz istisna olmaqla, bir-birinizin malını (qanunsuz və nahaq yerə) yeməyin”. (Nisa, 29).
İslam dinində rüşvətxoluq qəbahətli bir iş hesab olunmuş və böyük günahlardan sayılmışdır. Ona görə də bu yaramaz və alçaq iş daha çox “hədiyyə”, “hörmət”, “zəhmət haqqı” və s. bu kimi başqa aldadıcı adlarla yerinə yetirilmiş və yetirilməkdədir – hara üz çevirsək bunun şahidi ola bilərik. Heç kimə sirr deyil ki, sadəcə adın dəyişdirilməsi ilə mahiyyət dəyişməz. Hər bir halda bu yolla alınan pul haram və qeyri-qanunidir – istərsə “hədiyyə”, istərsə də “zəhmət haqqı” olsun, yəni heç bir fərq etməz.
“Nəhcül-bəlağə”də qeyd olunur ki, Əşəs bin Qeys adlı bir şəxs Həzrət Əlinin (ə) divanında (ədalət məhkəməsində) qələbə çalmaq üçün ona hədiyyə adı ilə rüşvət təklif edir; gecə ikən ləzzətli bir halva hazırladıb o həzrətin evinə aparır və onu “hədiyyə” adlandırır. Hz.Əli (ə) onun bu hərəkətindən qəzəblənərək buyurur: “Matəmlilər sənin matəminə otursun (yəni ölüm olsun sənə)! Sən məni aldatmaq və haqq ayinindən saxlamaq üçün gəlmişsənmi? Allaha and olsun ki, əgər iqlim qurşağını və onların səması altında olanları Allaha qarşı asi olum deyə, mənə versələr, heç vaxt bu işi görmərəm. Sizin dünyanız mənim nəzərimdə çəyirtkənin ağzında çeynədiyi yarpaqdan da dəyərsizdir…”.
İslam dini rüşvəti hansı formada olmasından asılı olmayaraq qadağan etmişdir. Lakin çağdaş dövrümüzdə demək olar ki, (dövlət qanunları ilə bu, cinayət tərkibi hesab olunsa da) bütün sahələrdə “cövlan” edən rüşvətxorluq insanları öz ağuşuna alaraq onları haqq yoldan sapdırır, qəlblərdəki rəhm, mərhəmət və s. ülvi hissləri heçə endirir. Bu bəladan qurtulmağın yeganə yolu İslamın buyurduqlarına əməl etməkdir ki, hər kəs bunu özünə insani borc bilməlidir.

İstinad Mənbəyi:  Qafqaz Müsəlmanları Ruhani İdarəsi

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*