Home » İdman, Siyasət, Ümumi » İlk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək

İlk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə birinci Avropa Olimpiya Oyunları Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti bildirir ki, həmin Assambleyada ölkəmizi gənclər və idman naziri, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin beynəlxalq münasibətlər departamentinin direktoru İlham Mədətov, MOK-un beynəlxalq münasibətlər departamentinin direktoru Könül Nurullayeva və Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təmsil edirdi.
Baş Assambleyada Bakı şəhərinin və onun idman qurğularının təqdimatı olmuşdur. Əvvəlcə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke çıxış etmişdir. O, həmin oyunların keçirilməsi ideyası barədə məlumat vermiş və Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləmişdir. AOK prezidenti şəhərimizin uğurları, Bakıya gələn hər kəsin burada müşahidə etdiyi inkişaf barədə söhbət açmışdır. Sonra AOK prezidentinin müşaviri Endrü Qreq çıxış edərək bu Oyunların konsepsiyası barədə məlumat vermişdir.
AOK prezidentinin xüsusi nümayəndəsi Pirs O’Kalaqan Bakının həmin oyunlara ev sahibliyi etməyə hazır olması barədə federasiyalar və Azərbaycan tərəfi ilə danışıqlar aparıldığını bildirmişdir.
Sonra çıxış üçün Azərbaycan tərəfə söz verilmişdir. Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Bakının bu oyunları keçirməyi ürəkdən arzu etdiyini, bizim gənclərin, Bakı əhalisinin bu xəbəri necə böyük ruh yüksəkliyi qarşılayacağını bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycanın hökumət qurumları, ictimai strukturlar və idman federasiyaları bugünkü qərarı intizarla gözləyirlər. Ç.Hüseynzadə demişdir: “Bu, Avropa Olimpiya hərəkatında tarixi məqamdır”.
Sonra MOK-un beynəlxalq münasibətlər departamentinin direktoru Könül Nurullayevaya söz verilmişdir. O, ölkəmizdə bərqərar olmuş iqtisadi və siyasi sabitlik, inkişaf barədə məlumat verərək vurğulamışdır ki, Bakı bütün dünya turistləri üçün yeni marşruta çevrilməkdədir. K.Nurullayeva öz çıxışında qədim dövrlərdən bu günə qədər bu məkanda iqtisadi və mədəni yolların qovuşduğu Azərbaycanın əhalisinin tolerantlığı barədə də söhbət açmışdır.
Təqdimatın gedişində AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış etmişdir. O, Bakı şəhərinin idman infrastrukturu, indiyə qədər burada keçirilmiş və keçirilməkdə olan beynəlxalq idman turnirləri, çempionatlar və yarışlar barədə məlumat vermişdir.
Sonda Azərbaycan hökuməti adından gənclər və idman naziri Azad Rəhimov çıxış etmişdir. O, çempionat iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, bu oyunlara ev sahibliyi etmək üçün bütün idman infrastrukturunun tam hazır vəziyyətdə olmasına siyasi və maliyyə baxımından zəmanət vermişdir. Nazirin çıxışından sonra Bakı şəhərinin tarixinə, onun idman və mədəni infrastrukturuna həsr edilmiş film nümayiş etdirilmişdir.
Çıxışlardan sonra gizli səsvermə keçirilmişdir. Tarixdə ilk Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi haqqında AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilmişdir (8 nəfər bu qərarın əleyhinə səs vermiş, 2 nəfər bitərəf qalmışdır).
Qeyd edək ki, Ermənistan nümayəndələri səsvermədə iştirak etməkdən boyun qaçırmışlar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*