Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Siyasət, Ümumi » İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri bölgədə təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır

İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri bölgədə təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır

Sentyabrın 11-də Qəbələdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilib. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olub.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.
“Biz bütün beynəlxalq təşkilatlarda vahid mövqedən yanaşırıq, bir-birimizi dəstəkləyirik və bu dəstək bizim üçün, bölgə üçün, dünya üçün çox önəmlidir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır. Bizim dünyadakı rolumuz artır və bir-birimizə dəstək verməyimiz ölkələrimizin önəmini daha da artırır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev Azərbaycana qarşı ədalətsizlik və işğal siyasətinin davam etdiyini vurğulayıb.
“Biz çalışırıq ki, məsələnin sülh yolu ilə həllinə nail olaq. Ancaq Ermənistanın qeyri-konstruktiv və riyakar fəaliyyəti buna imkan vermir. Azərbaycanın mövqeyi birmənalıdır: beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və məsələ yalnız ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapa bilər”.
Prezident Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcminin hələ ki qane edici olmadığını, ancaq dinamikanın çox müsbət olduğunu deyib.
”Əgər biz bu templəri saxlaya və artıra bilsək yaxın gələcəkdə ticarət dövriyyəmiz daha da böyük rəqəmlərlə ölçüləcəkdir.
Enerji sahəsindəki əməkdaşlıq ənənəvi xarakter daşıyır. Deyə bilərəm ki, iqtisadi sahədə enerji sektorundakı əməkdaşlıq həmişə olduğu kimi prioritet məna daşıyır. İzmirdə keçirilən iclasdan sonra önəmli hadisələr baş vermişdir. Biz TANAP layihəsinə imza atdıq. Artıq TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın 5 ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir.
Digər mühüm layihə nəqliyyat sektoru ilə bağlıdır. Bu layihə də artıq böyük layihələr arasında özünə yer tapa bilmişdir – Bakı-Tbilisi-Qars dəmir yolu. Bu gün nazirlər məlumat verdilər və biz gələcək layihələr haqqında danışdıq. Bu layihə bizim birgə təşəbbüsümüzdür. Ancaq bu gün yenə də onu görürük ki, başqa ölkələr, tərəfdaş olan ölkələr bu layihəyə maraq göstərir və bu layihəyə qoşulmaq istəyirlər. Biz bunu alqışlayırıq. Türkiyəni Azərbaycan və Gürcüstanla, həmçinin Gürcüstanı Azərbaycanla birləşdirən bu layihə artıq beynəlxalq müstəviyə çıxmışdır».
İlham Əliyev Ərdoğanla hərbi-texniki əməkdaşlıq məsələlərinin də müzakirə edildiyini vurğulayıb.
”Bu sahədəki əməkdaşlıq qardaşlıq, dostluq prinsiplərinə əsaslanır və birgə təşəbbüslər irəli sürülmüşdür. Deyə bilərəm ki, bu sahədə son illər ərzində böyük tərəqqi müşahidə olunur”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan on il əvvəl 1 milyard dollar olan ikitərəfli xarici ticarət dövriyyəsinin bu gün 3,5 milyard dollara çatdığını bəyan edib.
”Ötən yeddi ayda bu sahədə vəziyyət təxminən 2,6 milyard dollar oldu, – əgər bunu bir az da səylə, coşqu ilə davam etdirsək, zənnimcə, belə qısa bir dövr deyək – 2015-ci il üçün düşündüyümüz beş milyard dollarlıq xarici ticarət həcmini bu ilin sonunadək reallaşdıra bilərik. Beş milyard dollarlıq bu ticarət həcmini reallaşdırmağımız 2015-ci ildə bizə on milyard dollarlıq bir xarici ticarət dövriyyəsini təmin edər ki, bundan sonra 2020-ci ildə bunu 20 milyard dollara çıxararıq. Çünki artıq həqiqətən böyüyən, inkişaf edən bir Azərbaycan vardır, artıq böyüyən, inkişaf edən bir Türkiyə vardır”.
Ərdoğan bildirib ki, iki ölkə arasında TASMUS layihəsi də var ki, bu da müdafiə sənayesi sahəsində elektron rabitə məsələsində müştərək bir addımın atılmasında çox böyük əhəmiyyətə malikdir.
“Bildirirəm ki, bütövlükdə düşüncələrimiz ortaq düşüncələrdir. Mən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın bu ikinci toplantısının bu prosesi daha da sürətləndirdiyini qeyd edir və inşallah, üçüncüsünü də gələn il yenə ölkəmizdə keçirəcəyik. Artıq bu toplantıları paytaxtlarda keçirməkdən çox müxtəlif vilayətlərimizdə keçirməklə bu vilayətlərimizin tanınmasına və tanıdılmasına da fürsət verməsi baxımından bunlar olduqca gözəl bir anlayışın təzahürü deməkdir.
Mən çox təşəkkür edirəm”.
Sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıblar.
R.T.Ərdoğan bildirib ki, Türkiyə Azərbaycandakı sərmayələrini 20 milyard dollara çatdıra bilməyi hədəfləyib.
İki ölkə arasındakı viza məsələlərilə bağlı sualı cavablandıran İlham Əliyev xatırladıb ki, bundan əvvəl Türkiyə dövləti bütün türkdilli dövlətlərin vətəndaşlarına qarşı viza rejimini ləğv edib və bu qərara görə minnətdardır.
”O ki qaldı Azərbaycana, bu məsələ bu gün müzakirə edildi. Qərar qəbul edildi ki, bu məsələyə biz tədricən nail olaq. Müəyyən kateqoriya insanlar – iş adamları, elm adamları, tanınmış şəxslər vardır ki, onların gəliş-gedişi üçün daha da asan rejim tətbiq oluna bilər. Bütövlükdə isə bizim müəyyən mexanizmlərimiz, daxili prosedurlarımız hələ tamamlanmayıb. Bu prosedurlar tamamlanandan sonra əlbəttə ki, Türkiyə vətəndaşları da Azərbaycana vizasız gələ bilərlər. Biz bu məsələ üzərində işləyirik. Bu məsələ müzakirə edildi. Türkiyə tərəfi bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini anlayır. Biz birgə səylərlə məsələnin həlli yolunda önəmli addımları atacağıq”.
TANAP layihəsi barədə suala cavab verən Prezident “bu, sırf Türkiyə-Azərbaycan layihəsidir” deyib.
“Uzun illər Azərbaycan qazını Avropaya çıxarmaq üçün müxtəlif variantlar, müxtəlif layihələr müzakirə edilmişdir. Təəssüf ki, onların heç biri reallaşmadı. Belə olan vəziyyətdə iki qardaş ölkə bütün məsuliyyəti, o cümlədən maliyyə məsuliyyətini öz üzərinə götürmüşdür. TANAP-ın üstünlüyü ondan ibarətdir ki, bu layihəni biz ikimiz icra edəcəyik. Üçüncü tərəflər üçün də bu layihə açıqdır. Yerdə qalan müəyyən faizlər bizim tərəfdaş olan şirkətlərə verilə bilər. Beləliklə, TANAP layihəsinə beynəlxalq status da verilə bilər.
Əsas məsələ Azərbaycan qazını daha da böyük həcmdə Türkiyəyə və Türkiyə ərazisindən Avropa məkanına çatdırmaqdır. Avropa məkanına çatdıqda bu qazın həmin məkana hansı yollarla daxil ediləcəyi artıq texniki və iqtisadi məsələdir. Coğrafiya belə diktə edir ki, bizim qazımız ya Bolqarıstan, ya Yunanıstan ərazisindən Avropaya gedəcəkdir. Hazırda SOCAR və tərəfdaş şirkətlər bütün variantları nəzərdən keçirirlər. Ən məqbul, ən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli varianta üstünlük veriləcəkdir. Amma onu da qeyd etmək istəyirəm ki, hazırda Avropa İttifaqında olan ölkələr bir-biri ilə qaz xətlərini qururlar, yaradırlar. İstənilən nöqtədən Avropaya Azərbaycan qazı daxil olduqda geniş Avropa məkanını əhatə edə bilər. Ümid edirəm ki, 2017-ci ildə bu layihə tamamlana bilər”.
Türkiyə-Ermənistan sərhədlərinin açılmasın məsələsinə toxunan Ərdoğan “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, başda təbii ki, ATƏT-in Minsk qrupu olmaqla bu məsələnin həlli yolları tapılmayınca, oradan bir və ya iki rayonun məsələsi həll etməyincə bizim belə bir qapı açmağımız və sairdən söhbət gedə bilməz” deyə vurğulayıb.
”Bu, iqtidarda olduğumuz müddətdə həmişə söylədiyimiz sözdür. Belə bir addım ata bilmərik. Bizim atacağımız bütün addımların məqsədi budur: hazırda işğal altındakı torpaqlardan ermənilər çıxmalıdır. Bu, beynəlxalq qurumlar tərəfindən də “Bura Azərbaycanındır” deyilməsinə rəğmən hələ də torpaqların buranın haqq sahiblərinə verilməmiş olması bizim mövqeyimizi aydın və dəqiq şəkildə ortaya qoyur. Bizim mövqeyimiz də burada Ermənistan ilə bağlı atdığımız qətiyyətlə addım, tutduğumuz mövqe nədirsə bundan sonra da eyni şəkildə davam edəcəkdir. Bu prosesdə maraqlı tərəf olaraq biz də hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*