Home » İslam, Ümumi » Həcc ziyyarəti

Həcc ziyyarəti

“Həcc” ərəbcə “ziyarət etmək” deməkdir. Yəni İslamın müqəddəs şəhəri Məkkəyə gedib Kəbəni və “qara daş”ı ziyarət etmək hər bir müsəlmanın borcu və arzusudur. Həcc füruiddinin üçüncü, rüknüdür.

Qeyd etmək lazımdır ki, hələ çox qədimlərdən, islama qədərki dövrlərdə Məkkədə yerləşən Kəbə məbədi bütün insanların ziyarətgahı olmuşdur. Mötəbər məlumatlara görə, Kəbə İslamdan 2700 il əvvəl ərəb qəbilələri arasında böyük hörmətə malik olmuşdur. Müxtəlif adət-ənənəli ərəb qəbilələri və iranlılar oranı müqəddəs və əziz saymışlar.
Rəvayətə görə,Kəbəni Allah Talanın əmri ilə Həzrəti Adəm (ə) tikmiş, lakin Nuhun (ə) dövründə baş verən tufan onu dağıtmışdır. Hədislərdə yazılanlara görə, Kəbənin tikintisində bütün dünyanın torpağından nümunə vardır. Dünyadakı bütün insanlar Hz. Adəmdən (ə) əmələ gəldiyi üçün bədənində də həmin torpaq olmalıdır. Nuh (ə) peyğəmbərdən sonra İbrahim (ə) və onun oğlu İsmayıl (ə) Kəbəni yenidən tikmişlər. “Kəbə” ərəb dilində “kub” deməkdir. Kəbə – sahəsi 10×12 metr, hündürlüyü isə 15 metrə yaxın olan bu Allah evi Məscidül-həramın tən ortasında yerləşir. Allah Talanın Adəmə (ə) göndərdiyi “qara daş” Kəbənin cənub-qərb küncündə divara hörülmüşdür.
Kəbə ibadət və Tanrıya tapınmaq üçün tikilmiş ilk evdir. “Bəqərə” surəsinin 122-ci və “Ali-İmran” surəsinin 96-cı ayələrindən göründüyü kimi, Kəbənin tikilmə tarixi İbrahim peyğəmbərdən (ə) əvvəl olmuşdur. Hz. İbrahim (ə) Allah Talanın buyruğu ilə Kəbəni çoxdan mövcud olan bünövrə üzərində yenidən tikmişdir.
Həzrət Əlinin (ə) “Nəhcül-bəlağə” əsərində də Kəbənin Hz. Adəmin (ə) vaxtından mövcud olduğu göstərilir.
Kəbənin binası dördküncdür. Künclərin hər biri digərinə tərəf yönəlmişdir ki, hava axını və külək bir-birinə təsir edib zəifləsin və beləliklə, binanın dağılmasının qarşısı alınsın.
Kəbənin binasını Hz. İbrahim (ə) dövründən indiyədək Əmalin, daha sonra Cürhüm qəbiləsi və nəhayət Məhəmməd peyğəmbər (s) zamanında Qüreyş qəbiləsi bərpa etmişdir. (Bu haqda “İslam tarixi” başlıqlı yazıda ətraflı məlumat verilib). Kəbənin qapısı ilə üzbəüz müqəddəs “Zəm-zəm” çeşməsi yerləşir. Hz. İbrahimin (ə) Hicazda qoyub getdiyi körpə İsmayıl və onun anası Hacər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermiş, körpənin ayaqları altından su fəvvarə vurmuşdur. Çeşmənin suyu şəfaverici sayıldığı üçün zəvvarlar çox vaxt onu “zəmzəmiyyə” adlanan xüsusi qablarda özləri ilə vətənlərinə aparırlar. Tarixi məlumatlara görə, Məhəmməd Peyğəmbər (s) hələ hicrətdə (Mədinədə) olarkən buyurmuşdur ki, müsəlmanlar namaz qılarkən üzlərini Kəbəyə çevirməlidirlər. Həmin çağırışdan sonra Kəbədəki “qara daş”ın ətrafında olan bütlər Peyğəmbər (s) tərəfindən məhv edildi və Kəbə İslamın müqəddəs məbədinə çevrildi. Həmin vaxta qədər müsəlmanlar üzlərini Beytül-Müqəddəsə (Qüds) tuturdular. (Bu haqda “İslam tarixi” yazısında ətraflı bəhs edilib). Beləliklə, İslam dininin yarandığı ilk vaxtlarda – miladi təqvimi ilə 632-ci ildən başlayaraq Məkkəni və oradakı Kəbə evini ziyarət etmək mərasimi müsəlmanlar tərəfindən daha geniş icra edilməyə başlanmış və həcc ziyarəti adı ilə məşhurlaşmışdır.
Zəvvarlar Məkkədə Zilhiccənin 7-ci günündə olmalıdırlar. Burada onlar təmizlənəndən, dəstəmaz alandan, bədənlərinə ətirli yağ sürtəndən və qüsl edəndən sonra müqəddəs ağ ibadət libası – ehram (yalnız kişilər) geyirlər.Ehramın heç bir tikişi olmur və iki ağ parçadan ibarətdir; birini bellərinə sarıyır, digərini isə çiyinlərinə salırlar. Zəvvarlar həcc zamanı saçlarını qırxdırmır, dırnaqlarını tutmurlar. Qadınlar mütləq başlarına iri yaylıq örtməlidirlər. Zəvvarlar həcc vaxtı heç bir işlə məşğul ola bilməzlər. Heç bir canlının qanını tökməyə ixtiyarları yoxdur, hətta milçək olsa belə. Ağacdan meyvə dərməməli, ümumiyyətlə heç bir dünya neməti haqda düşünməməlidirlər.
Həcc zamanı əsas ziyarət Kəbəni yeddi dəfə dolanmaq, “qara daş”ı öpmək, dua etmək, müqəddəs Səfa və Mərva təpələri arasında qaçmaq və “Zəm-zəm” quyusundan su içməklə başlanır.
İkinci gün zəvvarlar Ərəfat dağına yollanır və açıq havada gecələyəndən sonra, Zilhiccənin 9-da həccin əsas ayinini yerinə yetirərək, Ərəfat dağının ətəyində dayanırlar. Bu ayin günortadan Günəş batana kimi davam edir. Zəvvarlar burada namaz qılır və xütbəyə – moizəyə qulaq asırlar. Günəş batan kimi hamı dərhal Müzdəlifə vadisinə qaçır və bütün gecəni orada ibadət edirlər. Zilhiccənin 10-cu günü Mina vadisində şeytana daş atmaq mərasimi icra olunur. Burada sütunlar, İblisin (şeytanın) bütləri vardır. Hər bir zəvvar şeytana yeddi dəfə daş atmalıdır. Bundan sonra qurbanvermə mərasimi başlayır. Həmin gün Qurban bayramı günü hesab olunur, bayram namazını qılırlar. Bununla da Zəvvarlar həcc mövsümünü başa vururlar.
Allah Tala hər bir Zəvvarın ziyarətini qəbul etsin !
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*