Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Google şirkəti Azərbaycana maraq göstərir

Google şirkəti Azərbaycana maraq göstərir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov VII İnternet İdarəçilik Forumunda iştirak etmək üçün Azərbaycana gələn Google şirkətinin vitse-prezidenti, internetin yaradıcılarından biri Vinton Sörflə görüşüb.
AgahMedia.Com informasiya portalının Rabitə Və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumatına görə, Azərbaycanda internetin yaranma tarixi barədə qonağı məlumatlandıran nazir ölkədə ilk BİTNET-in 1989-cu ildə yaradıldığını, daha sonra 90-cı illərdə inkişaf etdiyini vurğulayıb. Bu məlumatı yüksək dəyərləndirən Vinton Sörf qeyd edib ki, Azərbaycan internetin inkişafında heç də geri qalmayıb, əksinə, bu prosesə məhz internetin yaranması və inkişafı dövründə qoşulub.
Gələcəkdə Əli Abbasovun rəhbərliyi ilə Azərbaycanda internetin yaranma tarixi, inkişaf istiqamətlərini əks etdirən kitabın nəşr edilməsi və bu nəşrin ingilis dilinə çevrilərək digər ölkələrə yayılması təklifini də irəli sürən vitse-prezident Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə olunmuş nailiyyətlər, bu sahədə yeni meyillərlə də maraqlanıb.
Respublikada İKT sektorunda aparılan islahatlar, o cümlədən də internetin infrastrukturu, kontentinin formalaşdırılması sahəsində həyata keçirilən milli və regional layihələrdən söz açan nazir Əli Abbasov İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Avropa-Yaxın Şərq informasiya magistralı (Europe Persia Express Gateway – EPEG), eləcə də yaxın 3 il ərzində ölkədə genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi ilə bağlı həyata keçiriləcək layihələr barədə qonağı məlumatlandırıb.
Azərbaycanın həm ölkədə, həm də regionda internet kontintentinin genişləndirilməsi üçün göstərdiyi səyləri alqışlayan, eyni zamanda internetin inkişafında “start-up”- kiçik, modern müəssisələrin yaradılmasının vacibliyini də önə çəkən Vinton Sörf qeyd edib ki, belə müəssisələrin formalaşdırılması yeni nəslin bilgilərinin sənaye ilə birləşdirilməsinə gətirib çıxara bilər. Bu da öz növbəsində internetin ölkədə və regionda inkişafına faydalı təsir göstərə bilər.
Bu fikri dəstəkləyən Əli Abbasov ölkədə yeni yaradılmış İKT şirkətlərinin əvvəllər 53 günə, hazırda 3 günə qeydiyyatdan keçdiyini, qeydiyyatın onlayn olacağı təqdirdə isə tələb olunan vaxtın daha da qısaldılaraq 2 dəqiqə ərzində aparılacağını vurğulayıb. Nazir həmçinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti sayəsində yerli “start-up” layihələrinə güzəştli şərtlərlə dəstək veriləcəyini, bu prosesin isə inkişafa daha da təkan verəcəyini bildirib.
Google və digər şirkətlər tərəfindən MOOC – pulsuz, distant təhsil sisteminin qurulduğunu da qeyd edən Vinton Sörf öz bilik və təcrübələrini artırmaq üçün azərbaycanlı tələbə və alimlərin də bu prosesə qoşulmasını təklif edib: “İnternetin ağırlığı yeni nəslin çiyninə düşüb. Yaşlı nəsil internetin əsasını qoyub, gənc nəsil isə onun daha da inkişaf etdirilməsi üçün səylərini artırmalıdır. Ona görə də təhsil sisteminə xüsusi önəm verilməsi vacibdir və təhsil sistemi heç bir sərhəd qoyulmadan beynəlxalq təhsil sisteminə inteqrasiya olunmalıdır”.
Respublikanın inkişaf baxımından geniş təəssüratlar yaratdığını da xüsusi vurğulayan Google-un vitse-prezidenti Azərbaycanla gələcək əməkdaşlıq münasibətlərinə toxunaraq bildirib ki, şirkətinin ölkəmizdə irimiqyaslı layihələrə qoşulması üçün danışıqlara başlanması məqsədilə rəhbərliyə müraciət edəcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*