Home » Bölgələr, Ümumi » Füzuli rayonunda “Təhsil və mətbuat” mövzusunda geniş tədbir keçirildi

Füzuli rayonunda “Təhsil və mətbuat” mövzusunda geniş tədbir keçirildi

Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində Mətbuat Şurası ilə Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təhsil və mətbuat” mövzusunda tədbir keçirilib.
 AgahMedia.Com portalının “SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra tədbir Mədəniyyət Evinin binasında davam etdirilib.

Qeyd edək ki, tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxatarov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin aparıcı qəzetlərinin rəhbərləri, Təhsil Nazirliyinin şöbə müdirləri və digər şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı N.Muxtarov öncə tədbir iştirakçılarını salamlayaraq rayonda aparılan abadlıq və quruculuq işlərindən söhbət açıb. Sonra sözü təhsil naziri Misir Mərdanova verib.
M.Mərdanov fürsətdən istifadə edərək Milli Mətbuatın yaranmasının 135 illiyi münasibəti ilə media mənsublarını təbrik edib. Çıxışına davam edən təhsil naziri təhsil-mətbuat münasibətlərinin bugünkü vəziyyətindən danışaraq qeyd edib ki, bu əlaqələr durmadan inkişaf edir. M.Mərdanov həmçinin bəzi qəzet əməkdaşlarının öz peşəsinə yaraşmayan hərəkətlər edtiklərindən gileylənərək buna qarşı birgə mübarizə aparmağın vacib olduğunu bildirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək media-təhsil əlaqələrinə xüsusilə toxunub. Bildirib ki, mətbuatın “qara yarası” hesab edilən “reket jurnalistika”ya qarşı Mətbuat Şurası tərəfindən ciddi tədbirlər görülməkdədir, buna baxmayaraq hələ də, reketçiliyin kökünü kəsmək mümkün olmayıb. Bunun üçün ictimaiyyətin köməyinə böyük ehtiyac var.

Tədbirdə aparıcı qəzetlərin baş redaktorları – “Ayna”- “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan ” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxış edərək, problemin aktuallığını bir daha vurğulayıblar.

“SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə prezidenti İlham Əliyevin təhsilə, eyni zamanda mətbuata göstərdiyi diqqət və qayğıdan danışıb və əlavə edib ki, məhz bunun nəticəsində bu gün hər iki sahədə inkişaf dinamik xarakter alıb.

B.Quliyev Ulu Öndər tərəfindən mətbuata edilən böyük güzəştlərin bu gün də davam etdiyini qeyd edib. Bildirib ki, bunun bariz nümunəsi kimi aktiv fəaliyyət göstərən, ictimai fikrə təsir etmək iqtidarında olan, tanınmış mətbu orqanlara maddi vəsaitin verilməsini göstərmək olar. Prezident İlham Əliyevin sərəncamı ilə Milli Mətbuatın 135 illiyinin ölkəmizdə geniş qeyd edilməsi üçün bir sıra tədbirlərin keçirilməsi önə çəkən “Səs” qəzetinin baş redaktoru bunu mediaya döblət başçısının qayğısı kimi dəyərləndirib.

Baş redaktor təhsil-media münasibətlərinə də toxunub. Əldə edilən uğurlardan danışan baş redaktor həmçinin qəzetlərdə peşəkar jurnalistlərin az olmasının səbəbini də açıqlayıb və bildirib ki, bu, birbaşa ali təhsil müəsisələrinin jurnalistika fakultələrində təhsil alan tələbələrin hazırlıq səviyyəsinin aşağı olmasındadır. B.Quliyev xüsusi olaraq vurğulayıb ki, jurnalistika fakultələrində təhsil alanların yalnız ümumi biliklər əldə etməklə kifayətlənirlər. Burada onlara təhsil verən müəllimlərin də, günahı az deyil.

B.Quliyev təəssüflə qeyd edib ki, əvvəla, jurnalistika fakultələrində ixtisaslaşma demək olar ki, yoxdur. Bunun əvəzinə tələbələrin əksəriyyəti müxalif fikirli, daha doğrusu siyasi yönümlü yetişirlər. Əslində jurnalistlər dövlət, dövlətçilik, xalq maraqlarından çıxış edən obyektiv mütəxəsis olmalıdırlar. Burada dərs deyən müəllimlərin müxalifyönlü olmaları işi daha da çətinləşdirir. Belə olmasaydı hər il tələbələr yalnız müxalifyönlü mətbuata istehsalat təcrübəsinə göndərilməzdilər.

“İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək tədbiri təşkil edən Mətbuat Şurasına və Təhsil Nazirliyinə minnətdarlığını bildirib və regionlarda belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Baş redaktor media-təhsil münasibətlərinə də toxunub. Bildirib ki, qarşılıqlı əlaqələr fonunda bu münasibətlər yüksələn xəttlə inkişaf edir.

Media-təhsil münasibətləri ilə bağlı fikirlərini davam etdirən V.Rəhimzadə bildirib ki, burada əlaqələrə kölgə salan yalnız “reket jurnalistika”dır. Onlar təhsil idarələrinə getməklə yalnız təhsil işçilərinin vaxtını alır, onların işinə mane olurlar.
Baş redaktor qeyd edib ki, son illər dövlət başçısı İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğı nəticəsində yüzlərlə yeni məktəb binaları inşadilərək istifadəyə verilib. Məktəblərin maddi-texniki bazasının genişləndirilməsi nəticəsində burada təhsil alan şagirdlər müasir tələblərə uyğun təhsil alır, milli ruhda tərbiyə olunur. Bunlar həmçinin Azərbaycanın gələcəyini quracaq şəxsiyyətlərdirlər.
Prezident İlham Əliyev tərəfindən Milli Mətbuatın 135 illiyi ilə bağlı imzalanmış sərəncamın əhəmiyyətini vurğulayan V.Rəhimzadə bunun dövlətin mətbuata olan diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxış edərək bildirib ki, mətbuat və təhsil bir-birini tamamlayan, vəhdət təşkil edən bir sistemdir. Birinin yetişdirdiyi mütəxəssis digəri vasitəsilə cəmiyyətə xidmət edir ki, bunların hamısı da göz qabağındadır.
Baş redaktor bu sahədə olan bir sıra çətinliklərin əmələ gəlməsində qəbul qaydalarının da az rol oynamadığını qeyd edib: “Təəssüf ki, bəzən universitetlərin jurnalistika fakultələrinə tələbələr təsadüfən düşürlər. Yəni onlar istəmədikləri halda bu fakultədə oxumağa, bir növ məhkum olunurlar. Bunun üçün təklif edirəm ki, ya qəbul imtahanından əvvəl jurnalist fakultəsini seçən abiturientlər müsabiqədən keçsinlər, ya da tələbələr üçüncü kursdan sonra istehsalat təcrübəsini müvafiq redaksiyalarda keçsinlər. Onlara qiyməti də redaktorlar versin. Belə olan təqdirdə keyfiyyət də üzə çıxar”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*