Home » Diaspora, Siyasət, Ümumi » Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirildi

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirildi

AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, martın 12-də Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib. Əvvəlcə dövlət himni səslənib, diaspora həyatı, Azərbaycanda dövlət gənclər siyasəti, bu sahədə əldə edilən nailiyyətlərdən bəhs edən film nümayiş olunub. Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayını giriş sözü ilə açan Gəcnlər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov qurultayın keçirilməsi zərurətindən danışıb. Bildirib ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi üçün uzun bur yol keçilib. Millət vəkili qeyd edib ki, 2010-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlı Gənclərin birinci konqresi keçirilib. Həmin konqresdə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi təşəbbüsü irəli sürülüb və bu təşəbbüs konqres iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Nəticə etibarilə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının baş tutduğunu deyən Gənclər Təşkilatları Milli Şurasının sədri onu da qeyd edib ki, gənclər sözügedən birliyin yaradılması istiqamətində öz təkliflərini irəli sürüb və birliyin fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Fuad Muradov Dünya Azərbaycanlıları Gənclər Birliyinin təsis qurultayında iştirak etmək üçün Azərbaycan da daxil olmaqla dünyanın 34 ölkəsindən 356 nümayəndənin seçildiyini vurğulayıb. Bildirib ki, qurultayda iştirak etmək üçün isə 354 nümayəndə qeydiyyatdan keçib: “Həmçinin dünyanın 17 ölkəsindən icma və birliklərin rəhbərlərindən ibarət 28 nəfər qonaq qismində qurultayın işinə qatılıb. Həmçinin qurultaya 192 nəfər dəvət edilib”. Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunu diqqətə çatdırıb.
AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda qeyd olunur ki, Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyindən və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindədir. Dövlət başçısının təbrik məktubunda o da qeyd olunub ki, Azərbaycanda gənclərlə bağlı son illərdə mühüm qanunlar, xüsusi dövlət proqramları qəbul olunub və hazırda uğurla icra edilir. “Müstəqil dövlət kimi 20 illik yol keçmiş Azərbaycan Respublikası qısa dövr ərzində milli dövlətçiliyini möhkəmləndirib, iqtisadi qüdrətini və siyasi nüfuzunu artırıb, dünya birliyinin layiqli üzvünə çevrilib. Yeni ideyalar və quruculuq həvəsi ilə seçilən Azərbaycan gəncliyi qazanılan bütün uğurlara öz töhfəsini verib, ölkəmizin ictimai-siyasi, sosial-mədəni inkişafında fəal rol oynayıb”, Prezident təbrik məktubunda bildirib ki, gənclərimizin təhsilə, elmə və müasir informasiya kommunikasiya texnologiyalarına artan marağı, vətənpərvərliyi və yüksələn ictimai fəallığı gələcəyə daha böyük ümidlərlə baxmağa əsas verir: “Sevindirici haldır ki, harada yaşamasından və ictimai statusundan asılı olmayaraq, hər bir azərbaycanlı gənc öz doğma vətəni ilə qürur duyur, milli maraqların qorunması naminə səyini əsirgəmir. Düşünürəm ki, Azərbaycan gəncliyi, Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin mütəşəkkilliyinin artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporun möhkəmləndirilməsi və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini daha yaxşı əlaqələndirməyə imkan verəcək. İnanıram ki, bu mötəbər məclisin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaqdır”. Daha sonra Rusiya Dövlət Dumasının sədrinin Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb. Dövlət Dumasının sədri Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayını mühüm əhəmiyyətə malik hadisə kimi qiymətləndirərək gənclərin Azərbaycan və Rusiya əlaqələrinin inkişaf etdirilməsinə önəmli töhfə verəcəklərinə əminliyini ifadə edib. Təbrik məktublarının oxunmasından sonra məruzə və çıxışlar dinlənilib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayını əhəmiyyətli hadisə kimi qiymətləndirib. Qurultayın keçirilməsi təşəbbüsündən danışan Prezident Adminisitrasiyasının rəsmisi 2010-cu il, noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərin birinci konqresində belə bir qurultayın keçirilməsi təşəbüsünün irəli sürüldüyünü vurğulayıb. Azərbaycan dövlətinin gənc nəslə, gənclərə göstərdiyi diqqət və qayğıdan danışan Əli Həsənov bu siyasətin təməlinin ümummilli lider, mərhum president Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Azərbaycanda müstəqilliyin ilk illərində gənclərə heç bir diqqət və qayğının göstərilmədiyi deyən Əli Həsənov qeyd edib ki, həmin illərdə nə dövlət gənclərin problemləri ilə məşğul olurdu, nə də gənclər dövlətə xidmət edirdi: “Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda həyata keçirdiyi əsas işlərdən biri gənclər siyasətini formalaşdırılması oldu. 1994-cü ilin əvvəlində məhz onun fərmanı ilə Azərbaycanda Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Bu nazirliyin qarşısına gəncliyi səfərbər etmək, toplamaq, vahid istiqamət üzrə formalaşdırmaq, idarə etmək, onların bu günü və gələcəyi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini hazırlamaq və həyata keçirmək vəzifəsi qoyuldu. 1994-cü ildən başlayaraq indiki işlərin təməli qoyuldu. O zaman dünyadakı azərbaycanlı gənclər haqqında danışmaq mümkün deyildi. Həmin vaxtlar biz ancaq ölkə daxilində vətəndaşlarımıza – gənclərimizə dövlətçilik ideologiyası formalaşdırmağa çalışırdıq. Bu gün nəinki Azərbaycanda, hətta dünyada dövlətçiliyimizin maraqları uğrunda aparılan işlərin ağırlığına öz çiyinlərini verən gənclik formalaşıb. İntelekti, milli vətənpərvərlik hissləri, bacarıqları ilə dövləti layiqincə təmsil etmək bacarığında olan gənclik formalaşıb. Eyni zamanda dünya ölkələrində dövlətimizi təmsil edən gənclər ordusu yaranıb. Bu gün biz Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayını keçiririk. Burada cəmlənən azərbaycanlı gəncləri bir müddət sonra Rusiyanın, Ukraynanın parlamentlərində, nüfuzlu ictimai qurumlarında görsək, heç də heyrətlənmərik. Biz buna doğru gedirik. Bunu sözün həqiqi mənasında alqışlamağa dəyər. Gənclərimizin dünyanın bütün ölkələrində milli maraqlarımıza xidmət edən addımları Azərbaycan dövləti, xalqı və prezidentinin diqqətindən kənarda qalmır. Biz bunların hamısını izləyirik və qürur hissi keçiririk. Zaman gələcək, bu tipli fəaliyyətlə Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Baltikyanı ölkələrin parlamentlərindən səsiniz gələcək. Bu gün artıq Azərbaycanda, nəinki tək Azərbaycanda, onun xaricində də layiqli gənclər ordusu yetişib. Dünya Azərbaycanlı Gənclər Birliyinin ilk nümunəsi mövcud idi və bunun təməlini Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə çıxış edən Leyla Əliyeva qoyub”. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, Azərbaycan dövləti gənclərin bütün qayğıları ilə məşğul olmağa hazırdır və bu məqsədlə bir neçə dövlət proqramı həyata keçirilir. “Bütün bu həyata keçirilən tədbirlər, qəbul edilən dövlət proqramları, gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi həm ölkənin daxili, həm də qlobal dünyada sözün həqiqi mənasında ciddi bir amilə çevrilə bilib. Şöbə müdiri buna nümunə olaraq Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində əldə edilən nailiyyətləri göstərib. Bildirib ki, son zamanlar Xocalıya ədalət kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində genişmiqyaslı aksiyalar həyata keçirilib: “Artıq XXI əsrdə Azərbaycan dövlətinin əsas ağırlıqlarına öz çiyinlərini verən bir gənclik formalaşıb. Azərbaycan dövlətinin bütün qayğılarını öz çiyinləri üzərində yaşatmağa layiq gənclik inkişaf edir. İntellekti, milli vətənpərvərlik hissləri, bacarıqları, fəallıqları ilə Azərbaycan dövlətini, millətini layiqincə təmsil etmək qabiliyyətində olan gənclər formalaşıb”, Əli Həsənov çıxışı zamanı gənclərə bir sıra tövsiyyələr də verib və onları daha da fəal olmağa çağırıb: “Biz Azərbaycan gəncliyindən çox şey umuruq. Sizin qayğınızı çəkməyə də hazırıq. Təkcə xarici dil bilmək, intellektli olmaq Azərbaycan dövlətini təmsil etmək üçün yetərli deyil. Həm də fəallıq olmalıdır. Haqlı olduğumuz yerdə hücum etməliyik, qoy hansısa ölkədə gənclərimizdən ikisini üçünü saxlasınlar, lap bir sutka saxlasınlar, bunlar qətiyyən gənclərimizin iradəsini sındırmamalıdır, onların fəallığını aşağı salmamlıdır”. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin nmüdiri Əli Həsənov gənclərə xarici ölkələrdə Azərbaycanın problemlərinə diqqəti cəlb etmək metodologiyası haqda da məsləhətlərini verib: “Xarici ölkələrdə Azərbaycanla bağlı çıxış edərkən elə bir metodologiya seçin ki, insanlar zalı tərk etməsin. Elə mövzular seçin və məsələlərə elə yanaşın ki, Azərbaycan problemlərini, Xocalı faciəsini, erməni vəhşiliyini onların diqqətinə çatdıra biləsiniz. Yoxsa heç bir xarici auditoriyaya saatlarla Xocalı faciəsi haqqında danışa bilməyəcəksiniz”. Əli Həsənov qurultay iştirakçılarına onu da bildirib ki, Azərbaycanda yaşayan gənclərlə xarici ölkələrdəki azərbaycanlı gənclər bir-biri ilə əlaqəli işləməlidir: “Bəzən Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov bura nümayəndə heyətləri göndərir. Belə də olmalıdır. Hər biz azərbaycanlı bacardığı işi görməlidir. Bu nümayəndə heyətlərinin Azərbaycandakı problemləri buradakı gənclərin üzərinə düşməlidir. Buradan gedən heyətləri isə xaricdəki gənclərimiz qarşılamalı və zəruri köməyi göstərməlidir. Bu anlamda yaradılacaq qurum Azərbaycanda aparılan siyasətin davamı olacaq. Bilin ki, Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla, onun bütün komandası siz gənclərə arxalanır, güvənir və sizin inkişafınızla bağlı əlimizdən gələni etməyə hazırıq”. PA rəsmisinin sözlərinə görə, əgər gənclər fəal olmasa, dünyada ciddi amilə çevrilə bilməyəcəklər: “Azərbaycan gəncliyindən çox şey gözləyirik. Biz arxayın olmalıyıq ki, sabah üçün bizdən daha güclü, daha təşəbbüskar gəncliyimiz var. O zaman dövlətin idarəçiliyini arxayınçılıqla onların öhdəsinə buraxıb, rahatlıqla ahıllıq dövrümüzü yaşayacağıq”. Qurultayın sonunda qətnamə qəbul edilib, beynəlxalq gənclər təşkilatlarına müraciət ünvanlanıb, DAGB-nin rəhbər strukturları seçilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*