Home » Beynəlxalq, Siyasət, Ümumi » Britaniyanın Azərbaycandakı səfirliyi parlament seçkiləri ilə bağlı geniş layihəyə başladı

Britaniyanın Azərbaycandakı səfirliyi parlament seçkiləri ilə bağlı geniş layihəyə başladı

AgahMedia.Com portalının  BBC-nin Bakı Bürosuna istinadən məlumatına görə, Azərbaycandakı Böyük Britaniya səfirliyinin dəstəyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi noyabrdakı parlament seçkiləri ərəfəsində seçki müşahidə missiyasına dair layihə həyata keçirməyə başlayıb.

Bu günə kimi ən geniş miqyaslı monitorinq kampaniyalarından biri olacağı deyilən bu layihəyə minlərlə könüllünü cəlb etmək planlaşdırılır. Donor və icraçı ümid edirlər ki, geniş müşahidə missiyası yerli səsvermə prosedurunu təkmilləşdirməyə şərait yaradacaq.
Həyata keçirilməyə başlayan layihə həm qısa müddətli, həm də uzun müdətli müşahidə kampaniyalarını nəzərdə tutur. Kampaniya çərçivəsində ilk növbədə Bakı, Sumqayıt, Naxçıvan və digər şəhər və rayonlardakı dairələrin monitorinqi keçiriləcək. Seçki günü məntəqələrdə yerləşdiriləcək müşahidəçilər səsvermə gedişatına dair məlumat toplayacaqlar.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi bu günə kimi Azərbaycanda ümumilikdə 11 seçkinin müşahidəsini aparıb və Mərkəzin böyük könüllülər bazası var. Mərkəzin icraçı direktoru Bəşir Süleymanlı müşahidə missiyasına minlərlə şəxsin cəlb olunacağını vəd edir.
“Biz bu layihə çərçivəsində təqribən 1800 müşahidəçini cəlb etməyi planlaşdırırıq. Böyük Britaniya səfirliy bu layihə çərçivəsində bizə həm müşahidəçilərə təlim keçirilməsində, həm onların müvafiq materiallarla təchiz olunmasında, həm də seçki günü müşahidəsinin təşkilində maddi və texniki dəstək verir”.
İcra olunmağa başlayan layihə Bakıdakı Böyük Britaniya səfirliyinin dəstəklədiyi çoxsaylı layihələrdən biridir. Böyük Britaniya səfirliyindən bununla bağlı daxil olmuş mətbuat üçün açıqlamada bildirilir ki, seçki prosedurunun dəstəklənməsi mümkün saxtakarlığı əngəlləməyə və seçici etibarını artırmağa yönəlib. Səfirlik yerli QHT-lərlə bu sahədə əməkdaşlıqdan məmnun olduğunu da deyir.
Hazırda səfirlik bir neçə istiqamətdə müxtəlif layihələr dəstəkləyir. Bura insan hüquqları, münaqişələrin önlənməsi, ətraf mühit, ikitərəfli əlaqələr və digər prioritetləri aid etmək olar. Son bir neçə ildə bu istiqamətlərdə onlarla layihə həyata keçirilib. Hesab olunur ki, bütün bu səylər həm demokratik təsisatların möhkəmlənməsinə, həm insanların həyatının yaxşılaşdırılmasına, həm də Britaniya-Azərbaycan əlaqələrinə töhfələr verir.
Millət vəkili Asim Mollazadə qərb təsisatlarının Azərbaycandakı seçki prosedurunun təkmilləşdirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir. Milli Məçlis üzvü deyir ki, Britaniya höküməti seçki layihələrinə vəsait ayırırsa bu onun “Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında maraqlı olduğunun ğöstəricisidir”.
Seçki prosesinin monitorinqini səsvermənin ayrılmaz atributu olduğunu seçki üzrə müttəxəsislər də deyir. “Konstitusiya” araşdırmalar fodnunun prezidenti Əliməmməd Nuriyev seçki müşahidəsi üzrə programların səsvermə mühitinə müsbət təsir etdiyini söyləyir. “Bunun müsbət cəhəti marifləndirmə, seçki hüququnun daha təkmil həyata keçirilməsi və bu baxımdan bu, konstitusion hüququn reallaşdırılmasına dolayısı yardımdır”.
Yerli ekspertlər deyirlər ki, noyabrdakı seçkilərin nə dərəcədə şəffaf olacağına təsir edəcək amillərdən biri də məhz müşahidəçilik missiyasıdır. Buna görə hazırda bu istiqamətdə reallaşdırılan proqram və layihələr əslində ölkənin siyasi inkişafına yatırılan siyasi sərmayə kimi səciyyələndirilir. 
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*