Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bankların kredit bəhanələri… (Araşdırma)


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Bankların kredit bəhanələri… (Araşdırma)

Müəllif: Aqşin Rafiqoğlu / ANS PRESS

Min manata görə bankların “kəbinli arvadı” olmağa dəyərmi?

Bəzən “əlimyandı”da banklara müraciət etmək məcburiyyətində qalırıq. Təcili olaraq pul almaq üçün ölkədə fəaliyyət göstərən banklara, qeyri-bank təşkilatlarına və maliyyə institutlarına üz tutmaq qərarına gəlirik. Çünki, dostdan-tanışdan borc alıb, yanlarında “üzüqara” olmaqdansa, banklara aybaay ödəniş etmək daha sərfəli görünür. Bir də atalar yaxşı deyib ki, pul-para dostluğu pozar…
Amma banklardan borcalana verilən yüksək faiz dərəcəsi, bankların borc vermək üçün qoyduqları şərtlərlə tanış olmaq üçün bir vətəndaş kimi ölkədə fəaliyyət göstərən bir sıra banklara müraciət etdik. Həmin bankardan şərti olaraq nə az, nə çox 1000 manat borc (kredit) almaq niyyətində olduğumuzu bildirdik.
Beləliklə, 1 il müddətinə cəmi 1000 manat istehlak krediti almaq üçün bankların bizlərə və sizlərə təqdim etdiyi şərtləri şərhsiz sizə təqdim edirik.

“Bank of Baku”nun təqdim etdiyi kredit faizi digər bankların təqdim etdiyi kredit faizindən olduqca aşağıdır – 18 faiz. Amma bank ancaq ştatda işləyən şəxslərə kredit ayırır. Belə ki, bank özəl sektorda çalışan və müqavilə əsasında işləyən işçilərə, hətta 4 nəfər belə zamini olsa da kredit vermir.

“Bank Standard”: 1000 manat kredit almaq üçün banka yalnız ştatda işləyən şəxslər müraciət edə bilərlər. Bu zaman aylıq və illik məvacibi göstərilməklə iş yerindən arayışı, yaşayış yerindən aldığı arayış və iki zamini olmalıdır. Faiz dərəcəsi isə 30 faizdir.
“Amrahbank” və “Royalbank” isə krediti ancaq girov müqabilində verirlər. Bu banklardan aldığımız məlumata görə, min manat kredit almaq üçün elə 1000 manatlıq qızılı girov qoymaq lazımdır. Çünki bu banklar hazırda krediti ancaq qızıl girovu əsasında verirlər.

“Bank Respublika”dan 1000 manat kredit almaq üçün yenə də ştatda çalışan əməkdaşın iş yerindən arayışı, iki zamini, ən azı 400 manat məvacib aldığı göstərilən yaşayış yerindən arayışı olmalıdır. Bundan başqa, bankın kredit mütəxəssisləri borcalanın evində baxış aparacaq və min manatın əvəzində ev əşyalarından 300 manatlıq girov götürərək rəsmiləşdirəcəklər. Məbləğ daha böyük olduqda təbii ki, girovun da məbləği daha böyük olacaq.

“Bank of Azerbaijan”dan isə iki min manat kredit almaq üçün gərək ayda min manat maaş alasan. Nə qədər də qəribə olsa, amma bankın məlumat mərkəzindən bizə belə bildiriblər. Sənəd yığımı demək olar ki, burada da eynidir. Eyni arayışlar bu bankda da tələb olunur.
“Azfinansbank” adı ilə tanınan “AFB Bank”: Bu bankdan kredit almaq üçün iş yerindən arayış və şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. Yox, əgər alacağınız məbləğ 3 min manatdan artıq olacaqsa, deməli sizə 1 zamib, məbləğ 10 min manatdan artıq olacaqsa, iki yüksəkmaaşlı zamin tələb olunacaq. Bu bankda faiz dərəcəsi isə 24, 26 və 27 faizdir. Bankdan götürülən kredit vəsaitinin məbləği nə qədər yüksəkdirsə, bankın təqdim etdiyi kredit faizi daha aşağı salınır. Ancaq bankdan bildirildi ki, bank məhdud məsuliyyətli cəmiyyətlərdə işləyən əməkdaşlara kredit ayırmır.

İqtisadçı-ekspert, iqtisad elmləri doktoru, professor İrşad Kərimov banklarda faiz dərəcələrinin yüksək olması və banklardan kredit alınmasının çətinliyi ilə bağlı ANS PRESS-ə münasibət bildirərkən dedi ki, bu gün ölkə banklarında vətəndaşlara təqdim edilən kreditlərin faiz dərəcəsinin yüksək olmasına səbəb, Mərkəzi Bank tərəfindən bu kommersiya banklarına verilən kreditin uçot dərəcəsinin yüksək olmasıdır. Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın yerli kommersiya banklarına verdiyi kreditin uçot dərəcəsi 3 faiz təşkil edir: “Təbii ki, ölkənin əsas bankından kommersiya banklarına verilən uçot dərəcəsi nə qədər yüksək olacaqsa, deməli, onların da vətəndaşlara verdiyi kreditin faiz dərəcəsi o qədər yuxarı olacaq”.
İ. Kərimov bankların bu gün ölkə vətəndaşlarına 24-30, bəzən 38 faizlə kredit verməsinin qeyri-qanuni olduğunu bildirdi: “Mərkəzi Bankın qərarına görə, bu gün kommersiya bankları 15-16 faizdən yuxarı faizlə kredit verə bilməzlər. Yox əgər verirlərsə, deməli onlar qanunları pozur və ya bundan xəbərsizdirlər”.
Professorun sözlərinə görə, bu gün bankların qoyduğu faiz dərəcəsi də stabil deyil. Hətta elə banklar var ki, müştərisinə 18-20 faizlə də kredit verirlər: “Bu, baxır bankla borcalan müştərinin sövdələşməsinə və öz aralarında gəlinən razılığa”.
Bankların kredit almaq məsələsini belə çətinləşdirmələrinə gəldikdə isə, iqtisad elmləri doktoru deyir ki, ölkədə istehlak kreditlərinin məhdud sayda verilməsinə səbəb, banklarda olan pul vəsaitlərinin həcmini ölkə üçün prioritet olan sahələrə yönəltməkdir: “Bu gün hər bir bank Mərkəzi Bank qarşısında öhdəlik daşıyır. Təbii ki, verilən hər bir manat kredit üçün onlar Mərkəzi Banka hesabat verirlər. Bu gün kənd təsərrüfatı sahəsinə, kombayn, traktor və mal-qaranın alınması üçün banklar olduqca aşağı faizlə və uzun müddətə kredit verirlər. Düşünürəm ki, banklar tərəfindən istehlak kreditlərinə qoyulan məhdudiyyətlər və çətinliklər, banklardakı vəsaiti dövlət üçün əhəmiyyətli olan sahələrə yönəltmək üçün hesablanıb”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*