Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Azərbaycanda modern tingçilik…

Azərbaycanda modern tingçilik…

Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

“Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricidən gətirilir. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq. Bununla yanaşı, hazırda bir sıra fərdi sahibkarlarla özəl biotexnologiya laboratoriyalarının yaradılması istiqamətində də danışıqlar aparılır. 3-4 belə mərkəz qurularsa, Azərbaycana ting idxalının qarşısını tam almaq mümkün olacaq.”

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, bu barədə açıqlama verən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov məlumat bildirib ki, biotexnologiya laboratoriyasının sayəsində fermerlər sağlam əkin materialları ilə təmin olunacaq. Bununla yanaşı, çətin köklənən bitkilərin laboratoriya şəraitində böyüdülməsi də həyata keçiriləcək.

Laboratoriyanın əməkdaşları 17 bitkinin mikroklonal üsulla çoxaldılmasını mənimsəyiblər

Laboratoriyada çalışan əməkdaşlar Belarus və Türkiyədə biotexnologiya üzrə təcrübə keçiblər. Hazırda laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan çox miqdarda eyni bitkilərin alınması mümkündür. Biotexnologiya laboratoriyasında bir tumurcuqdan 105-107 yeni bitki alınır. Laboratoriyanın əməkdaşları 17 bitkinin mikroklonal üsulla çoxaldılmasını mənimsəyiblər. Yaxın gələcəkdə belaruslu və türkiyəli mütəxəssislərlə birgə əməkdaşlıq sayəsində fındıq, qoz və başqa meyvələrin də yeni üsulla artırılmasına başlanılacaq.

Gen mühəndisliyi sahəsində mütəxəssislər hazırlanacaq

Biotexnologiya laboratoriyasının beynəlxalq standartlara cavab verən avtomatik işıqlandırma, suvarma, havalandırma sistemləri ilə təmin edilmiş istixanası da quraşdırılıb. Qarşıdakı iki-üç il ərzində isə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda gen mühəndisliyi sahəsində mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Bunun üçün bitkilərin molekulyar pasportları hazırlanmalı, yeni seleksiya metodları tətbiq olunmalıdır.

İlham Qurbanov bildirib ki, Azərbaycanda meyvəçilikdə əsas problemlərdən biri də modern tingçiliyin zəif inkişaf etməsidir. Ölkəmizdə il ərzində 2 milyondan çox klassik ting istehsal olunur. Bu tinglər müasir tələblərə tam cavab vermir. 2016-cı ildən başlayaraq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik təsərrüfatında calaqaltıları xaricidən (əsasən Türkiyədən) gətirilməklə ildə 700 minə yaxın modern ting istehsal edilir. Bu tinglərin əsas üstünlüyü ondadır ki, köhnə üsulla becərilən tinglərdən daha tez məhsul verməyə başlayır. Məsələn, əvvəllər gilas ağacı əkildikdən 7-8 il sonra bar verirdisə, modern tinglər dördüncü il məhsula düşür. Bundan başqa, institutdakı tingçilik təsərrüfatına “garnim” adlanan yeni növ calaqaltılar gətirilib ki, bu da badam, şaftalı, ərik tinglərini yetişdirmək üçün çox əlverişlidir.

Maddi-texniki baza gücləndirilib

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamına əsasən institutun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*