Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycanın “Eurovision-2010” müsabiqəsinə xərcləri açıqlandı

Azərbaycanın “Eurovision-2010” müsabiqəsinə xərcləri açıqlandı

İctimai Televiziya və Radio Yayımları Şirkətində “Eurovision-2010” Mahnı Müsabiqəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, mətbuat konfransında Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli, İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov, Azərbaycanda “Eurovision” müsabiqəsinin şərhçisi Hüsniyə Məhərrəmova və “Eurovision-2010”da ölkəmizi təmsil edərək 5-ci yeri qazanan Safura Əlizadə iştirak ediblər.
Tahir Məmmədov müsabiqə ərzində təmsilçimizə dəstək verən bütün KİV-lərə öz təşəkkürünü bildirib və Azərbaycanın bu müsabiqədə 39 ölkə arasında beşinci yeri qazanmasının ölkəmiz üçün uğur olduğunu qeyd edib.
Eurovision müsabiqəsi üzrə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimli bəzi mətbuat orqanlarında Azərbaycanın guya müsabiqəyə 10 milyon avro xərcləməsilə bağlı yayılan iddiaların heç bir əsasının olmadığını bildirib. Onun sözlərinə görə, bu il Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil edən Safura Əlizadənin promouşena, iştirakına, xoreoqrafiya və şouya ümumilikdə 1 milyon 560 min manat xərclənib: “Heç bir iştirakçı ölkə təmsilçiliyinə xərclənən pulun məbləği açıqlanmır. Bu il Azərbaycanın 10 milyon manat xərcləməsi barədə verilən məlumatlar isə düzgün deyil. Biz bu məbləği açıqlamamışıq. Sizin də bizim özümüzdən bu büdcə barədə eşitməyiniz lazımdır və biz bunu açıqladıq”.
A.Kərimli bildirib ki, builki müsabiqədə Azərbaycan nümayəndəsinin iştirakının üç sponsoru olub. Baş sponsorluğu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həyata keçirib: “Büdcənin bir hissəsi isə İTV-nin öhdəsinə düşür”. Onun sözlərinə görə, digər iki sponsorun adı açıqlanmır. A. Kərimli onu da deyib ki, xərclənən 1 milyon 560 min manat vəsaitin böyük bir hissəsini sponsorlar ödəyib.
“Eurovision-2010”da Azərbaycan ifası zamanı Ermənistan şərhçisinin ölkəmizin və təmsilçimizin adını çəkməməsi məsələsinə gəlincə, nümayəndə heyətinin rəhbəri deyib ki, bu halı eşitsələr də, özləri bunun şahidi olmayıblar: “Biz bunu gəldiyimizdən bəri eşidirik, ancaq hazırda bunu təhlil edirik. Əgər bu hal həqiqətən də baş veribsə və araşdırmamız zamanı təsdiqini tapsa, o zaman Avropa Yayımlar Birliyinə müraciət edəcəyik. Məsələ təsdiqini tapdıqdan sonra bununla bağlı hər hansı açıqlama verə bilərik”.
A.Kərimli onu da bildirib ki, Azərbaycanda “Eurovision-2011” mahnı müsabiqəsinin seçimlərinə bu ilin sentyabrından start veriləcək.
Safura Əlizadə isə bildirib ki, o yüksək nəticə əldə etmək üçün əlindən gələni əsirgəməyib: “Hamı birincilər sırasında məni gördüyünü deyirdi. Biz birinciliyə layiq idik. Ancaq hər şey yenə də səsvermədən asılıdır”.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*