Home » Siyasət, Sosial, Texno, Ümumi » Azərbaycanda elektron imzanın tətbiqinə başlanıldı

Azərbaycanda elektron imzanın tətbiqinə başlanıldı

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının və digər qurumların nümayəndələrinin, həmçinin KİV-in iştirakı ilə elektron imzanın istifadəyə verilməsinə həsr olunmuş təqdimat mərasimi keçirilib.
Bu münasibətlə mərasim iştirakçılarını təbrik edən rabitə və informasiya texnologiyaları nazirinin müavini, Əlaqələndirmə Şurasının sədri İltimas Məmmədov ölkədə elektron imza sisteminin tətbiqi ilə bağlı görülmüş işlər, o cümlədən bu sahədə qəbul olunmuş qanunvericilik aktları haqqında geniş məlumat verib. AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumatına görə,nazir müavini bildirib ki, elektron imzanın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri Mərkəzi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə bağlı yaradılaraq istifadəyə verilib.
Qeyd olunub ki, Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyəti “Elektron imza və elektron sənəd dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativ sənədlərə əsaslanır. Bu mərkəzin tərkibində ayrı-ayrılıqda dövlət orqanlarına, əhali və biznes qurumlara elektron imza xidmətləri göstərmək üçün 3 mərkəz fəaliyyət göstərir. Əsas mərkəzin tərkibində “Elektron hökumət mərkəzi” və “Hökumət orqanları mərkəzi təşkil edilib. Elektron imza infrastrukturu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elan etdiyi tender əsasında yerli Ultra, Azerin şirkətləri və Microsoft korporasiyasının ölkə nümayəndəliyindən ibarət konsorsium tərəfindən qurulub. Dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün elektron imzadan istifadə qiymətləri beynəlxalq təcrübə nəzərə alınmaqla iqtisadi əsaslandırma nəticəsində müəyyən olunub. Əhali üçün güzəştli qiymətlər tətbiq edilib.
Elektron imza xidmətindən istifadə etmək istəyən hüquqi və fiziki şəxslərin sənədlərinin qəbulu və onlara elektron imza sertifikatlarının verilməsi poçt şöbələrində yaradılmış qeydiyyat mərkəzlərində həyata keçiriləcək.
Tədbirdə həmçinin qeyd olunub ki, elektron imzanın tətbiqi əhalinin dövlət orqanlarının elektron xidmətlərindən istifadə imkanlarını genişləndirəcək, onlara daha təkmil, rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edəcək, e-ticarətin və bütövlükdə informasiya texnologiyalarının inkişafını yeni mərhələyə çıxararaq ölkədə elektron hökumətin formalaşmasına ciddi təkan verəcək.
Nazir müavini dövlət başçısının Fərmanına əsasən görülən tədbirlərin əhəmiyyətini vurğulayaraq, onların dövlət orqanlarının vətəndaş və təşkilatlarla qarşılıqlı əlaqələrinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət etdiyini bildirib. Tədbir zamanı iştirakçılar elektron imzanın yaradılma prosesi ilə əyani şəkildə tanış olublar. İştirakçılara sertifikatların parametrləri, onların təhlükəsizliyi, e-imzanın əldə olunması və istifadəsi üçün lazımi prosedurlar, xüsusi olaraq yaradılmış www.e-imza.az saytı haqqında geniş məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*